...

Heydər Əliyevin hakimiyyətə gəlməsi Azərbaycan xalqında gələcəyə olan ümidi, inamı bərpa etdi - Sahil Kərimli (FOTO/VİDEO)

Siyasət Materials 14 İyun 2022 10:43 (UTC +04:00)
Heydər Əliyevin hakimiyyətə gəlməsi Azərbaycan xalqında gələcəyə olan ümidi, inamı bərpa etdi - Sahil Kərimli (FOTO/VİDEO)

Bakı. Trend:

Milli Qurtuluş günü Azərbaycan dövlətinin taleyində çox böyük əhəmiyyətli dönüş nöqtəsidir. 1993-cü ilin iyununda o vaxtkı naşı və səriştəsiz hakimiyyət ölkəni xaos və anaraxiyaya sürükləmişdi. Vətəndaş müharibəsi təhlükəsi, cəbhədə baş verən uğursuzluqlar, hakimiyyətdaxili çəkişmələr Azərbaycan üçün böyük təhlükə yaradırdı. Həmin vaxt xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev dövlətimizi məhv olmaqdan xilas etdi.

Bunu Space Tv-nin “Yeni reallıq” proqramına müsahibəsində Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil Kərimli bildirib.

O, qeyd edib ki, Heydər Əliyevin hakimiyyətə gəlməsi Azərbaycan xalqında gələcəyə olan ümidi, inamı bərpa etdi: “Heydər Əliyev Azərbaycan xalqının böyük oğlu kimi ölkəsinin məhv olmasına biganə qala bilməzdi. Odur ki, xalqın çağırışı ilə, xalqına arxalanaraq Bakıya gəldi və tezliklə vəziyyəti nəzarət altına aldı. Ulu öndər təhlükəsizlik və sabitlik yaratdı, cəbhədə müəyyən uğurlar əldə edildi, daxildəki qanunsuz silahlı qruplaşmalar tədricən ləğv edildi, Azərbaycan tamamilə yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu gün qüdrətli Azərbaycanın qazandığı hər bir uğurun təməli ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində qoyulub”.

S.Kərimli həmçinin bildirib ki, ümummillim liderin müəyyən etdiyi siyasi kurs sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi və Azərbaycan dünya miqyaslı nüfuzlu, qüdrətli ölkəyə çevrildi: “Biz hər birimiz bölgədə böyük güc sahibi olan ölkəmizlə fəxr və qürur duyuruq. Xüsusilə də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən Qarabağ Zəfəri xalqımızın tarixinə qızıl hərflərlə yazılıb. Ona görə də başımız uca, alnımız açıqdır”.

Proqramda daha sonra Türkiyə ilə Azərbaycan arasında 1 il əvvəl Şuşa şəhərində imzalanan müttəfiqlik bəyannaməsinin önəmindən danışılıb. Türkiyə və Azərbaycanın bölgədə nəhəng siyasi güc kimi sülhə və təhlükəsizliyə verdiyi mühim töhvələrdən danışılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti