Bakı. Trend:
İyunun 16-da IX Qlobal Bakı Forumu çərçivəsində “Qlobal təhlükəsizlik arxitekturasının yenidən nəzərdən keçirilməsi və sülh perspektivləri” mövzusunda növbəti panel iclası keçirilib.
Trend-in məlumatına görə, Belçikanın sabiq baş naziri Yves Letermenin moderatorluğu ilə keçirlən iclasda daha effektiv qlobal təhlükəsizlik arxitekturasını necə dizayn edə bilər, regional təşkilatlar necə rol oynaya bilər, kosmosun hərbiləşdirilməsi risklərini məhdudlaşdırmaq üçün edilməli olanlar və bir sıra mövzular çərçivəsində müzakirələr keçirilib.
Paneldə çıxışı zamanı İsrailin sabiq xarici işlər naziri Tzipi Livni bildirib ki, problemlər ümid edilərək yox, reallıqları olduğu kimi dərk edərək həll edilməlidir.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev isə qeyd edib ki, qlobal birlik yeni reallıqlara uyğunlaşmalıdır. Azərbaycan artıq Qoşulmama Hərəkatının sədri kimi uğurlu təşəbbüslər irəli sürüb.Çoxtərəfli münasibətlər prinsipi Azərbaycan kimi ölkələrə öz fikrimizi bildirmək üçün platforma yaradır.
Panel digər iştirakçıların müzakirələri ilə davam edib.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq mərkəzə çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır.
Bu dəfə “Qlobal dünya nizamına təhdidlər” mövzusuna həsr olunan Qlobal Bakı Forumunda 50-dən çox ölkənin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. İyunun 18-dək davam edəcək Forumda qlobal dünya nizamını təhdid edən mühüm problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan tədidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparılacaq.