Bakı. Trend:
IX Qlobal Bakı Forumu çərçivəsində “Yaxın Şərqdə, ərəb və müsəlman dünyasında sülh, sabitlik və inkişaf axtarışı" mövzusunda panel iclası keçirilib.
Trend-in məlumatına görə, Ərəb Dövlətləri Liqasının sabiq baş katibi Amre Moussanın moderatorluğu ilə keçirilən iclasda bölgədə nüvə silahının yayılmasının perspektivləri nədir və bu perspektivləri necə minimuma endirmək olar, regionda sülhün, təhlükəsizliyin və sabitliyin təşviqi üçün daha yaxşı çərçivəni kim təşviq edə biləcək əsas aktyorlar kimdir və bu istiqamətdə bir sıra mühüm mövzular müzakirə edilib.
İsrailin sabiq baş naziri Ehud Barak panel müzakirələrində çıxışı zamanı qeyd edib ki, qarışımızda mühüm çağırışlar dayanır və Yaxın Şərqdə sülhün bərqərar edilməsi üçün bu çağırışları başa düşməliyik.
Türkiyənin sabiq xarici işlər naziri Yaşar Yakış isə bildirib ki, Yaxın Şərq öz tarixində müəyyən problemlər yaşayıb. Bunlar hər biri əsrlər boyu davam edən problemlərdir və bölgədəki tarazlığı pozur.
Panel digər iştirakçıların müzakirələri ilə davam edib.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq mərkəzə çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır.
Bu dəfə “Qlobal dünya nizamına təhdidlər” mövzusuna həsr olunan Qlobal Bakı Forumunda 50-dən çox ölkənin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. İyunun 18-dək davam edəcək Forumda qlobal dünya nizamını təhdid edən mühüm problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan tədidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparılacaq.