Bakı. Trend:
Bu gün Azərbaycan hər sahədə mütərəqqi təcrübəsi ilə dünyanın diqqətindədir. Ölkəmizin müxtəlif sahələr üzrə müəyyən çağırışlar ətrafında geniş müzakirələrə yol açan beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi, yaxud o səpkili tədbirlərə qatılaraq təcrübə mübadiləsi aparması da deyilənlərin təsdiqidir. Buna əmin olmaq üçün, həmçinin təkcə son iki ildə dövlətimizin istər ölkə daxilində, istərsə də beynəlxalq səviyyədə həyata keçirdiyi tədbirlərin miqyasına diqqət yetirmək kifayətdir. Bu mühüm məqamı da qeyd etmək yerinə düşər ki, pandemiya səbəbindən əksər beynəlxalq tədbirlərin videoformatda keçirilməsi əlaqələrin qurulmasında müəyyən problemlərin yaranmasına səbəb olsa da bu addımın özü də hər bir ölkənin malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Texnoloji proseslərin geniş vüsət aldığı hazırkı dövrdə videoformatda keçirilən tədbirlər iştirakçı ölkələrin yeni texnologiyaların tətbiqi sahəsində qazandığı təcrübənin təqdimatında mühüm əhəmiyyət kəsb edir. Azərbaycan 2003-cü ildən “Neft kapitalını insan kapitalına çevirməyi” əsas hədəf kimi müəyyənləşdirdi. Dövlət başçısı İlham Əliyev inkişaf etmiş ölkələrin təcrübəsinə istinad edərək bildirdi ki, həmin ölkələrin inkişafına diqqət yetirsək görərik ki, müəyyənləşdirilən hədəflərə çatmaqda elm, bilik, savad, yeni texnologiyalar əsas rol oynayır. Azərbaycan daim yeniliyə, təkmilləşməyə maraq göstərən və bunu ilklərə imza atması ilə təsdiqləyən innovasiyalar ölkəsidir. Heç də təsadüfi deyil ki, bu gün Azərbaycan brendi kimi dünyaya səs salan “ASAN xidmət” beynəlxalq səviyyədə təqdir edilir.
TTrend xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə diqqəti iyunun 27-də Polşanın Katovitse şəhərində öz işinə başlayan “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında dövlət başçısı İlham Əliyevin videoformatdakı nitqinə yönəldərək bildirib ki, ölkə Prezidentinin “Bakının və Azərbaycanın digər şəhərlərinin müasirləşdirilməsi və yenidən qurulması zamanı biz şəhərlərin inkişafı baxımından yeni imkanlar və təcrübə əldə etmişik. Ən gözəl şəhərlərdən biri hesab olunan Bakı misilsiz memarlığı, park və bulvarları ilə tarixi irs və müasirliyin ahəngliyini özündə birləşdirir» fikirləri Azərbaycanın yenilikçi imicinin təqdimatında əhəmiyyətli rol oynayır: «Dövlət başçısı bu istəyini də ifadə etdi ki, Azərbaycan Ümumdünya Şəhər Forumunun növbəti sessiyalarının birinə ev sahibliyi etmək arzusundadır və buna hazırdır. Əminik ki, yüksək səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə böyük təcrübəyə malik ölkə olan Azərbaycanda Ümumdünya Şəhər Forumu uğurla keçiriləcək.”
“Qeyd etdiyimiz kimi, hər bir sahədə ilklərə imza atan Azərbaycan şəhərlərimiz üçün daha yaxşı gələcəyi də təmin etmək imkanındadır. Bu da onun yeni texnologiyaların inkişafına və tətbiqinə, müasir dövrün tələblərini lazımi səviyyədə dəyərləndirməsinə əsaslanır. Məlum olduğu kimi, Azərbaycan may ayında - Müstəqillik Günündə ilk dəfə olaraq “TEKNOFEST Azərbaycan” festivalına yüksək səviyyədə ev sahibliyi etdi. Bu festival Azərbaycan-Türkiyə qardaşlığının növbəti nümunəsi, eyni zamanda, ölkələrimizin gələcəyə birgə addımlamaq istəklərinin təqdimatı olmaqla yanaşı, Azərbaycanın yeni texnologiyaların inkişafı sahəsində təcrübəsinə də işıq saldı. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz ölkəmizin bu sahədə də imkanlarının təqdimatı kimi çağdaş tariximizdə yer aldı. Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” strateji sənədində müasir innovasiyalar məkanının qurulması məsələsi əksini tapıb. “TEKNOFEST” festivalının Azərbaycanda keçirilməsi ölkəmizin innovasiya üfüqlərini daha da genişləndirir. Müasir düşüncəyə malik olan gənclərin ölkəmizin gələcək inkişafına öz töhfələrini vermələri üçün yeni platforma, meydan təqdim edilir. Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunu əhatə etməsi də bu kimi məqamların və çağırışların təqdimatıdır”, - deyə YAP Xətai rayon təşkilatının sədri bildirib.
Vüqar Rəhimzadə vurğulayıb ki, hazırkı dövrün əsas tələbi işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulmasıdır: “Dövlət başçısı İlham Əliyev ilk gündən bu tələbi qarşıya qoydu ki, bərpa-quruculuq işləri müasir dövrün tələblərinə uyğun həyata keçiriləcək, bu prosesdə “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyası prioritet olacaq. Bu işdə yenə də öz sözünü deyən yeni texnologiyalardır. İdarəetmə sistemində yeniliklər də deyilənlərin təsdiqidir. Bu məqamı xüsusi qeyd etməliyik ki, Azərbaycan dövrün, zamanın tələblərinə uyğun olaraq idarəetmə sistemində təkmilləşmələr həyata keçirməklə hazırkı inkişaf səviyyəsinə nail olmuşdur. Dövlət başçısı İlham Əliyev sözügedən Forumun sessiyasında videoformatdakı nitqində bu reallığı diqqətə çatdırmışdır ki, Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsi ilə nəticələnən 2020-ci il Vətən müharibəsindən sonra bizim üçün dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edir. Ermənistan Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı şəhər və kəndləri qəsdən dağıdaraq, hər bir mədəni və dini abidəni talan edərək həmin əraziləri urbisid və kultursidin bariz nümunəsinə çevirib. Bəlkə də İkinci Dünya müharibəsindən sonra şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməyib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, əcnəbi mütəxəssislər onu “Qafqazın Xirosiması” adlandırıblar. Füzuli şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada bayrağımızı dalğalandırmağa bir dənə də olsun tikili tapa bilməyib.”
“Bu gün dağıdılmış şəhər və kəndlərin yenidən bərpası Baş plan əsasında həyata keçirilir” söyləyən Vüqar Rəhimzadə qeyd edib ki, paytaxt Bakımızla yanaşı, bütün regionlar, o cümlədən işğaldan azad edilmiş bütün ərazilərimizin müasir çağırışlara cavab vermələri üçün zəruri addımlar atılır: “Bunun üçün paytaxt Bakıda yeni tikililərin xronologiyasına diqqət yetirmək kifayətdir: Heydər Əliyev Mərkəzi, “Alov qüllələri”, “Ağ şəhər”, “Bakı Kristal Sarayı”… Bu sıraya ilk Avropa Oyunları zamanı yaradılan Bakı Olimpiya Stadionunu, Heydər Əliyev adına İdman Sarayını, Bakı Su İdman Sarayını və digər obyektləri də əlavə etsək Bakının böyük quruculuq meydançasına çevrildiyini, ən əsası müasirliklə qədimliyin sintezini yaratdığını böyük əminliklə qeyd edə bilərik.”
YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, Azərbaycan azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılmasını həyata keçirir, “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyalarını tətbiq edir: «Dövlət başçısı İlham Əliyev məlum nitqində bu məqama da xüsusi diqqət yönəltdi ki, məcburi köçkünlərimiz 30 il ərzində Ermənistanın işğalından əziyyət çəkib və doğma yurdlarından məhrum ediliblər. Məcburi köçkünlərin qayıdışı üçün ilk pilot layihə Zəngilan rayonunun Ağalı kəndində reallaşdırılıb. Bu ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Bu gün Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir. Dövlət başçısı İlham Əliyev bu hədəfi qarşıya qoyur ki, yenidənqurma prosesində ölkəmizin hədəfi keyfiyyət və sürəti birləşdirməkdir. Azərbaycan işğaldan azad olunmuş Füzuli şəhərində səkkiz aydan az müddətdə hava limanı inşa edib. İşğaldan azad olunmuş Zəngilan və Laçın rayonlarında hazırda daha iki hava limanının tikintisi davam edir. Azad edilmiş bəzi şəhərlərin Baş planları artıq hazırdır. Şuşa şəhərinin Baş planı onun möhtəşəm tarixi irsinin qorunması üzərində qurulub. Qarabağ bölgəsinin sənaye mərkəzinə çevriləcək Ağdamda on minlərlə sakin üçün nəzərdə tutulmuş tamamilə yeni şəhər inşa olunur. Ərazisi 200 hektar təşkil edən Ağdam Sənaye Parkı artıq fəaliyyət göstərir. Zəngilan şəhəri onun təbiətə inteqrasiyası və park şəhərinə çevrilməsi baxışı ilə inşa edilir. Ümumiyyətlə, yeni şəhərlərdə, kəndlərdə yaşamaq və işləmək şəraiti vəhdət təşkil edəcək. Hazırkı dövrün əsas hədəfi budur: Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inklüziv, təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlərin inşası. Bütün bu işlər Azərbaycanın öz maliyyə resursları hesabına aparılır.”
Vüqar Rəhimzadə bu mühüm məqama da diqqəti yönəldib ki, azad edilmiş ərazilərin yenidən qurulmasında ölkəmizlə həmrəylik və Azərbaycana beynəlxalq dəstək mühüm əhəmiyyətə malikdir. Təbii ki, bu da Azərbaycanın hər sahədə beynəlxalq əməkdaşlığa xüsusi önəm verməsini nümayiş etdirir. Artıq Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı və Avropa İttifaqı ilə birlikdə işğaldan azad olunan üç rayonumuzda bərpa və yenidənqurma ehtiyaclarının birgə dəyərləndirilməsi həyata keçirilib.
YAP Xətai rayon təşkilatının sədri bu ümumiləşdirməni aparıb ki, biz azad Qarabağımızı müasir mütərəqqi texnologiyalara əsaslanan məkan kimi görmək istəyirik. İlyarımdan artıq dövrdə bərpa-quruculuq işlərinin xronologiyası tezliklə bu istəyimizin də reallığa çevriləcəyindən xəbər verir.