Bakı. Trend:
Cari ilin 27 iyul tarixində səfir Polad Bülbüloğlu Sudan Respublikasının Rusiya Federasiyasına yeni təyin edilmiş səfiri Məhəmməd Elqazali Eltijani Sirracı onun xahişi ilə qəbul edib.
Azərbaycanın Rusiyadakı Səfirliyindən Trend-ə bildirilib ki, görüş əsnasında ölkəmizin səfiri sudanlı həmkarını təyinatı münasibətilə təbrik edərək ona vəzifəsində müvəffəqiyyətlər arzulayıb. Bundan əlavə, Moskvada akkreditə edilmiş diplomatik korpusun duayeni qismində fəaliyyəti, təşkil edilən çoxsaylı görüş və mədəni tədbirlər barədə məlumatlandırıb.
Azərbaycanın Sudanla münasibətlərinə toxunaraq ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün imkanların olduğunu bildirib, bu xüsusda turizm, elm, təhsil və mədəniyyət sahələrində, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
Azərbaycanın səfiri həmkarını Ermənistan-Azərbaycan münaqişəsi,
onun tarixi, aparılmış danışıqlar prosesi, BMT Təhlükəsizlik
Şurasının məlum 4 qətnaməsi və digər beynəlxalq təşkilatlar
çərçivəsində münaqişə ilə bağlı qəbul edilmiş çoxsaylı sənədlərin
mahiyyəti haqqında məlumatlandıraraq, Prezident, Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun Vətən
müharibəsində qazandığı parlaq qələbə haqda danışmış, Azərbaycanın
öz suveren torpaqları naminə vuruşduğunu, beynəlxalq hüququn, haqq
və ədalətin ölkəmizin tərəfində olduğunu qeyd edib. Eyni zamanda,
münaqişəyə son qoymuş məlum üçtərəfli Bəyanatın müddəaları və
postmünaqişə dövrü, azad olunmuş ərazilərimizdə sürətlə aparılan
genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə də qarşı tərəfə
ətraflı məlumat verib.
Polad Bülbüloğlu Sudan Respublikası Milli Assambleyasının xarici
əlaqələr komitəsi tərəfindən 1 sentyabr 2014-cü il tarixində
1992-ci ilin fevralında Xocalı şəhərində mülki Azərbaycan əhalisinə
qarşı Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş qətliamı
soyqırım aktı və insanlığa qarşı cinayət kimi tanınmasına görə
təşəkkür etmiş, bu tarixi addımın ölkəmiz üçün əhəmiyyətini önə
çəkib. Ümumiyyətlə, Sudan tərəfindən Azərbaycanın ədalətli
mövqeyinin beynəlxalq təşkilatlar çərçivəsində dəstəklənməsini
yüksək qiymətləndirib.
Görüşdə regionda baş verən proseslər və maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Məhəmməd Sirrac öz növbəsində ölkəsi üçün Azərbaycanın yaxın dost dövlət olduğunu bildirib, Sudanın da separatizm meylləri ilə üzləşdiyinə diqqət çəkərək, Azərbaycanı yaxşı anladıqlarını söyləmiş və bundan sonra da istənilən beynəlxalq platformada eyni mövqedən çıxış edəcəklərini vurğulayıb.
Sonda Sudandan olan qonağa Heydər Əliyev Fondu tərəfindən nəfis şəkildə çap edilmiş “Zəfər salnaməsi” və “Qarabağ işğaldan əvvəl və sonra” kitabları hədiyyə edilib.
Cənab Sirrac maraqlı və məhsuldar görüşə görə Səfir Polad Bülbüloğluna təşəkkürünü bildirib.