Bakı. Trend:
Prezident İlham Əliyev “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.
Sənədə əsasən, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilir:
- 71.1-ci maddədə “Azərbaycan Respublikası Milli Məclisi deputatının aldığı məbləğdə” sözləri “aylıq vəzifə maaşının 50 faizi məbləğində” sözləri ilə əvəz edilsin;
- 71.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“71.2. Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı 3550 manatdır.”;
- 72.2-ci və 73.6-cı maddələr ləğv edilsin;
- 73.9-cu maddədən “, 73.6-cı” sözləri çıxarılsın.
Bu Qanun 2022-ci il sentyabrın 1-dən qüvvəyə minir.
***
Dövlət başçısı, həmçinin, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli 567-VIQD nömrəli Qanununun tətbiqi və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 29 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Fərmanla “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli 567-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alınır:
- “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 29 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 2, maddə 67; 2013, № 12, maddə 1513) aşağıdakı dəyişikliklər edilsin:
- 2-ci hissənin dördüncü abzasında “və 73.6-cı maddələrində” sözləri “maddəsində” sözü ilə əvəz edilsin;
- 4-cü hissə ləğv edilsin.
- Azərbaycan Respublikasının Nazirlər Kabineti “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli 567-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli 567-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar yaranan əlavə xərclərin maliyyələşdirilməsini Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində bu məqsəd üçün nəzərdə tutulmuş vəsait, eləcə də Konstitusiya Məhkəməsinin saxlanılması xərclərində büdcə xərclərinin iqtisadi təsnifatının “Əməkhaqqı” köməkçi bölməsi dairəsində xərc paraqrafları arasında dəyişikliklər etməklə həyata keçirsin.
- Bu Fərmanın 1.2-ci bəndi 2022-ci il iyulun 1-dən tətbiq edilir və 1.1-ci bəndi 2022-ci il sentyabrın 1-dən qüvvəyə minir.