Bakı. Trend:
Prezident İlham Əliyevin Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərmanı müasir dövrümüzün tələblərindən irəli gələn və Azərbaycan elminin inkişafına yönəlik bir sənəddir. Ali təhsil ilə elmin birgə fəaliyyəti və inteqrasiyası elmin inkişafına xidmət edəcək və çox uğurlu addımdır. Dünyanın bir çox inkişaf etmiş ölkələri bu modeldən istifadə edir və uğurlu nəticələr əldə edib. Zamanın tələbinə uyğun olaraq Azərbaycan da elmin inkişafı məqsədilə müasir çağırışlara adekvat addımlar atır.
Məsələ ilə bağlı Trend-in sualını cavablandıran Milli Məclisin Elm və Təhsil Komitəsinin sədr müavini, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı bildirib ki, Prezident İlham Əliyevin Fərmanına uyğun olaraq Elm və Təhsil Nazirliyinin yaradılması, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ictimai və humanitar elm sahələri institutlarından yenidən təşkil edilməsinin nəzərdə tutulması ölkəmizdə bütün sahələrdə uğurla aparılan geniş və dərin islahatların tərkib hissəsidir.
“Zərurətdən və obyektiv səbəblərdən verilmiş, elmimizin idarəedilməsinin təşkilinin səmərəli qurulmasına, qarşısında dayanan vəzifələrin müasir tələblərə uyğun yerinə yetirilməsinə yönələn, ölkəmizin ümumi inkişafına faydanı nəzərdə tutan bu Fərman mahiyyətcə inqilabi, məzmunca əhatəli, məqsədlərinə görə isə stratejidir. Azərbaycan elminin simasını dəyişməyi, səviyyəsini yüksəltməyi və dünyada özünəməxsus yer almasını nəzərdə tutan bu Fərman böyük tarixi əhəmiyyət daşıyır”, - deyə M.Qasımlı bildirib.
O qeyd edib ki, Fərmanın uğurla icra edilməsi nəticəsində ölkəmizdə elm və təhsilin inteqrasiyası dərinləşəcək, elmi tədqiqatların nailiyyətləri universitet auditoriyalarına daha tez daxil olacaq, istehsalata tətbiqi sürətlənəcək.
“Elm yedəkdə sürünməyəcək, ölkəmizin ümumi inkişafına kömək edəcək. Gənclər elmə həvəslə gələcək, nəsillər arasında üzvi əlaqə, təbii varislik təmin ediləcək. Dövlətimiz üçün ən vacib olan elmi-tədqiqat işlərinin qısa, orta və uzunmüddətli sistemli planlaşdırılması həyata keçiriləcək, dünya səviyyəsinə çıxa biləcək araşdırmalar aparılacaq. Universitet təhsilimizin keyfiyyəti yaxşılaşacaq. Prezidentimiz nitqlərində daim vurğulayır ki, ölkəmizin inkişafı qabaqcıl elm, təhsil və yeni texnologiyalardadır. Əslində elmimizin tarixində yeni mərhələ başlanır. Görüləcək işlər xeyli çox, ağır və məsuliyyətlidir. İndi hər şey icraçılardan, bu işə məsul şəxslərdən asılıdır”, - deyə M.Qasımlı əlavə edib.
Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Ceyhun Məmmədov isə Trend-ə açıqlamasında bildirib ki, Fərmanın imzalanmasında əsas məqsəd elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsidir.
“Sözügedən Fərman elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin uğurla həyata keçirilməsinə, bu sahədə koordinasiyalı fəaliyyətin qurulmasına öz töhfəsini verəcək.
Beləliklə sözügedən Fərmanla elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi səlahiyyəti Elm və Təhsil Nazirliyinə həvalə edildi. Nazirliyin yanında 2 yeni agentlik yaradılaraq və Azərbaycan Milli Elmlər Akademiyasının bir sıra elmi müəssisə və təşkilatları yeni yaradılan Elm və Təhsil Nazirliyinin tabeliyinə verildi.
Qeyd etmək lazımdır ki, uzun müddətdir Azərbaycan cəmiyyətində Elmlər Akademiyasının gələcək fəaliyyəti ilə bağlı geniş müzakirələr aparılırdı. Onu da qeyd etmək lazımdır ki, Fərman Azərbaycan Milli Elmlər Akademiyasının ləğv olunması deyil, əksinə, elm və təhsilin inteqrasiyasında yeni mərhələnin başlaması məqsədi daşıyır. Azərbaycan Milli Elmlər Akademiyası humanitar yönümlü elmi müəssisələri ilə öz fəaliyyətini yeni inkişaf prioritetləri ilə davam etdirəcək. Burada Milli Elmlər Akademiyasının da üzərinə ciddi vəzifələr düşür”, - deyə C.Məmmədov bildirib.
Beləliklə Fərmanla Elm və Təhsil Nazirliyi, eləcə də Milli Elmlər Akademiyası qarşısında bir sıra yeni mühüm vəzifələr müəyyənləşdirir. İnanırıq ki, Elm və Təhsil Nazirliyi və Milli Elmlər Akademiyası onun qarşısında qoyulan ağır və məsuliyyətli işin öhdəsindən layiqincə gələcək.