...

Baş Prokurorluğun bəzi media subyektlərinin təmsilçilərinə xəbərdarlıq etməsi qanunvericiliyin tələbindən irəli gəlir - ŞƏRH

Siyasət Materials 31 İyul 2022 16:50 (UTC +04:00)
Baş Prokurorluğun bəzi media subyektlərinin təmsilçilərinə xəbərdarlıq etməsi qanunvericiliyin tələbindən irəli gəlir - ŞƏRH

Bakı. Trend:

Baş Prokurorluğun, əsasən sosial şəbəkə istifadəçilərdən və bəzi media subyektlərinin təmsilçilərindən ibarət bir qrup şəxsə söz və ifadə azadlığından sui-istifadə hallarına yol vermələri, ictimai maraqlara təhlükə yaradan, insan və vətəndaş hüquq və azadlıqlarının pozulmasına yönələn davranışları ilə bağli xəbərdarlıq etməsi qanunvericiliyin tələbindən irəli gələn zəruri addım olmaqla yanaşı, həm də ictimai mühitin sağlamlaşmasına, birgəyaşayış qaydalarının, toplumu ayaqda saxlayan mənəvi dəyərlərin qorunmasına xidmət edir.

Bunu Trend-ə siyasi şərhçi, əməkdar jurnalist Elçin Mirzəbəyli deyib.

O qeyd edib ki, Baş Prokurorluğun bu kimi hallara qarşı atdığı önləyici addımlar, həm də sosial sifariş kimi qəbul olunmalıdır.

“Sosial şəbəkələrdə, bir sıra media resurslarında vətəndaşların, cəmiyyətin və dövlətin informasiya təhlükəsizliyini təhdid edən halların, bəzən ağır cinayətlərə, təxribatlara və digər bu kimi neqativ amillərə yol aça bilən məsuliyyətsiz davranışların kütləviləşməsı bu istiqamətdə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə zərurət yaradır. Son illər ölkənin və vətəndaşların informasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində qlobal çağırışlara cavab verə biləcək hüquqi bazanın formalaşdırılması və təkmilləşdirilməsi beynəlxalq müstəvidə nəzərə çarpan tendensiyaların tərkib hissəsidir.

Qeyd edim ki, bir sıra Avropa dövlətləri, o cümlədən Fransa öz qanunvericiliklərinə hələ 2019-cu ildə Facebook, Google və digər texnologiya şirkətlərinin üzərinə Fransa hökumətinin "nifrət dili" hesab etdiyi kontentləri dərhal silmələri ilə bağlı öhdəlik qoyan əlavə və dəyişikliklər ediblər”, - deyə E.Mirzəbəyli bildirib.

O qeyd edib ki, qlobal miqyasda geosiyasi və geoiqtisadi maraqlardan qaynaqlanan amillər sosial mediada və bütövlükdə mediada vahid virtual hüququn yaradılmasına və tətbiqinə maneə yaratdığı üçün, dövlətlər öz milli qanunvericilikləri çərçivəsində tənzimləyici hüquqi mexanizmlər yaratmaqla ictimai və dövlət maraqlarını təhdid edən hallara qarşı mübarizə aparmaq məcburiyyətində qalıblar.

“Düşünürəm ki, ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının, informasiya təhlükəsizliklərinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirləri də bu kontekstdən dəyərləndirmək lazımdır”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti