Bakı. Trend:
1993-cü ilin oktyabr ayının 3-ü tarixə bir daha Azərbaycan xalqının öz gələcəyi üçün atdığı ən doğru addım ilə düşüb. Məhz həmin gün keçirilən prezident seçkilərində xalq ölkənin gələcəyinin əmin əllərdə olması üçün Ulu Öndər Heydər Əliyevə səs verdi. Bu müdriklik və uzaqgörənliyi simvolizə edir. Əgər Ulu Öndər hakimiyyətə gəlməsəydi nəinki ölkəmizin bu gün əldə etdiyi uğurlar, hətta müstəqilliyimiz sual altına düşərdi. 3 oktyabr 1993-cü il tarixli seçkilərin nəticəsi Ulu Öndərə xilaskarlıq missiyasını həyata keçirməsi üçün imkan yaratdı. Bu, həm də tarixin Azərbaycan xalqının qarşısına çıxardığı böyük şans idi. Şansın düzgün dəyərləndirilməsi ölkənin qurtuluşu və gələcəyinə təkan verdi.
Ulu Öndər 1993-cü il iyunun 9-da xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gələndə ölkədə olduqca gərgin dövr hökm sürürdü. Ümumilikdə 1991-1993-cü illər siyasi hərc-mərclik, səriştəsiz idarəetmə ilə yadda qalıb. Yalnız Ümumilli Lider Heydər Əliyevin qayıdışından sonra respublikanın qarşısında duran təhlükələr dəf olundu. Bunun üçün siyasi bacarıq, çoxillik tərcübə, vətən sevgisi və uzaqgörənlik lazım idi. Ulu Öndər Heydər Əliyev Ən böyük azərbaycanlıya xas bütün amilləri özündə birləşdirirdi. Bu da ölkəmizin qurtuluşuna səbəb oldu. Ölkəmizin xilası və çiçəklənməsi məhz Ümümmilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.
Bir neçə gün əvvəl Prezident İlham Əliyev 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı sərəncam imzaladı. Bu sərəncam ilk növbədə xalqımızın istəyini ifadə edən ən mühüm sənədlərdən biridir. Ölkəmizin inkişafının birbaşa adı ilə bağlı olduğu Ümumilli Liderimiz xalqın mənəvi sərvətidir. Azərbaycan xalqının böyük sevgisini qazanan Heydər Əliyev fenomeninin anadan olmasının 100 illiyində bir çox əlamətdar tədbirlərin görülməsi zəruridir. Bu tədbirlər özündə Heydər Əliyev siyasi irsinin təbliği ilə yanaşı cəmiyyətin inkişafına yönələn layihələri də əhatə edəcək. Fürsətdən istifadə edib ictimai təşkilatları, xüsusən də gənclər təşkilatlarını maraqlı layihələrlə çıxış etməyə dəvət edirəm.
Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə gələndən sonra özünün bütün potensialını ölkənin gələcəyi üçün sərf etmiş, son nəfəsinə qədər xalqa və dövlətə xidmət etmişdir. Azərbaycan dövləti qısa zaman ərzində xalqımızın başında dolanan bəlaları uzaqlaşdırmağa müvəffəq oldu. Qarşıdan gələn dövr ərzində isə bu bəlaların fəsadlarını aradan qaldırmaq üçün böyük işlər görüldü. Ümummilli Liderimizin siyasi varisi İlham Əliyev hakimiyyəti dövründə bu işləri davam etdirdi. Nəticədə illər sonra Azərbaycan qalib ölkəyə çevrildi. Təbii ki, ölkənin inkişafı yalnız hərb sahəsi ilə kifayətlənmirdi. İqtisadiyyat, diplomatiya və s. bütün sahələrdə böyük irəliləyişlər əldə olunub. Bunun nəticəsində regionun lider dövlətinə çevrilmişik. Gənc ölkə olmağımıza və müstəqilliyin bərpasından dərhal sonra ciddi fəlakətlərlə üzləşməyimizə baxmayaraq qısa dövr ərzində inkişaf etmiş, ölkələr arasında söz sahibi olan dövlət kimi çıxış etmişik. Biz bütün bunları ən böyük azərbaycanlıya – Ulu öndər Heydər Əliyevə borcluyuq.
Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov