...

Praqa görüşü xalqımızın milli maraqlarına uyğun nəticələrlə başa çatdı - TƏHLİL

Siyasət Materials 7 Oktyabr 2022 21:10 (UTC +04:00)
Praqa görüşü xalqımızın milli maraqlarına uyğun nəticələrlə başa çatdı - TƏHLİL
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevin Praqa səfəri çərçivəsində çox mühüm görüşlər keçirildi. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron, Azərbaycan Prezidenti cənab İlham Əliyev və Ermənsitanın Baş naziri Nikol Paşinyan arasında keçirilən dördtərəfli görüş iki hissədən ibarət olmaqla beş saatdan artıq davam etdi. Lakin dünənki görüşün nəticələri göstərdi ki, cənab İlham Əliyev növbəti dəfə xalqımızın milli maraqlarına uyğun, müstəqil siyasət yürüdərək qətiyyətli və prinsipial mövqe nümayiş etdirdi, Azərbaycanın ədalətli mövqeyini bir daha onların diqqətinə çatdırdı.

Bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat bildirib ki, yekunda qəbul edilmiş bəyanat Azərbaycan və Ermənistanın qarşılıqlı şəkildə ərazi bütövlüklərini və suverenliklərini tanıması ilə əlamətdar oldu: “Bu, çox vacib məqam, sülhə doğru atılmış çox mühüm bir addım idi. Çünki bu günə kimi Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tanınmamışdı. Bu xüsusda BMT-nin Nizamnaməsi əsas sənəd kimi götürüldü. Əlbəttə, faktiki olaraq bu, o deməkdir ki, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bir daha təsdiqləndi. Ermənistan suverenliyimizi tanımaqla Qarabağ üzərində Azərbaycanın hakimiyyətini tanıdığını bəyan etmiş oldu”.

C.Osmanov əlavə edib ki, sərhədlərin delimitasiyası istiqamətində mühüm irəliləyiş komissiyanın iclasının tezliklə keçirilməsi ilə bağlı razılıq əldə olunması idi.

“Avropa İttifaqı və Fransa Azərbaycan ərazilərini əhatə edəcək birgə sərhəd monitorinq misiyasını yaradıb, bundan sonra regiona daxil olmaq üçün istifadə etmək istəyirdilər. Ermənistan tərəfi də dəfələrlə belə bəyanatlar səsləndirməklə çağırışlar etmişdi. Avropa İttifaqı və Fransa da buna hazır olduqlarını deyirdilər. Öz suverenliyinə dəyər verən Azərbaycan buna qətiyyətlə etiraz etdi. Beləliklə, Azərbaycanın qəti mövqeyindən sonra razılaşdırıldı ki, bu misiya yalnız Ermənistan ərazisində olacaq. Azərbaycan isə öz maraqlarına uyğun şəkildə missiya ilə əməkdaşlıq edəcək, sərhəd missiyası etimad qruculuğu və sərhədlərin delimitasiyasına töhfə və dəstək verəcək. Ermənistan isə sərhəd missiyasına razılıq verməklə suveren dövlət olmadığını bir daha bütün dünya qarşısında nümayiş etdirmiş oldu”, - deyə deputat əlavə edib.

Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Trend-ə açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə 5 saatdan artıq çəkən və 2 hissədən ibarət olan dördtərəfli görüşü Azərbaycanın növbəti diplomatik qələbəsi idi və bu görüşdə Fransa Prezidentinin iştirakı özündə bütün məqamları açıq-aydın şəkildə ehtiva edir. “Postmünaqişə dövrünün reallıqlarına nəzər salsaq görərik ki, bugünümüzün əsas müzakirə mövzusu regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasında yeni səhifənin açılması üçün sülh müqaviləsinin imzalanmasıdır.

Bu gün Fransanın tərəf kimi Azərbaycanın təklif etdiyi sülh gündəliyinin həyata keçirilməsi üçün aparılan danışıqlarda iştirakı təəccüb doğurmaya bilməz. Bu, Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin uğurlu siyasətinin, qətiyyətinin nəticəsidir. Dünya gücləri tarixi Zəfərimizin reallıqlarını qəbul edir və fəaliyyətlərini bu istiqamətdə qurmaq istəklərini nümayiş etdirirlər.

Fransa Prezidentinin belə səpkili görüşlərdə iştirakı ona görə maraq və təəccüb doğurur ki, bu dövlət BMT Təhlükəsizlik Şurasının daimi üzvü, eyni zamanda, keçmiş Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan və artıq tarixin arxivinə göndərilən ATƏT-in Minsk qrupunun həmsədridir. 30 illik işğal dövründə Ermənistanın başına sığal çəkib yeni ərazilər uğrunda müharibə planları hazırlamasına şərait yaradan Fransa kimi dünyanın söz sahibi olan bəzi gücləri bu gün postmünaqişə dövrünün reallıqlarının həyata keçirilməsinə dəstək göstərməkdə maraqlı olduqlarını bildirirlər. Təəccüblü yanaşma deyilmi? Eyni zamanda, nəzərə alaq ki, tarixin arxivində olan Minsk qrupunun fəaliyyətinin canlandırılmasında maraqlı olan bəzi dairələr var”, - deyə o əlavə edib.

Vüqar Rəhimzadə qeyd edib ki, Ermənistan Praqada növbəti dərsini aldı: “Himayədarının danışıqlar prosesində yanında olması artıq nəyisə dəyişmək imkanında deyil. 30 il danışıqlar prosesinə imitasiya naminə qatılan Ermənistana bu addımı atmaqda dəstək verən bəzi güclər artıq postmünaqişə dövrünün reallıqları fonunda bunu etmək imkanında deyillər. Azərbaycan sülh müqaviləsini təklif etdiyi andan onun uzun müddət masa üzərində qalmayacağını bəyan edib. Brüssel və Praqa dərsləri Ermənistana düzgün nəticə çıxarmaq üçün çağırışdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti