...

Azərbaycan Ərəb Dövlətləri Liqası ilə əlaqələri genişləndirir - Prezident İlham Əliyevin Sammitdə toxunduğu mühüm detallar

Siyasət Materials 2 Noyabr 2022 15:34 (UTC +04:00)
Azərbaycan Ərəb Dövlətləri Liqası ilə əlaqələri genişləndirir - Prezident İlham Əliyevin Sammitdə toxunduğu mühüm detallar
Elvin Səxavətoğlu
Elvin Səxavətoğlu
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevin Əlcəzairdə Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxışı zamanı səsləndirdiyi fikirləri bir neçə aspektdən diqqət çəkir.

Ölkə başçısının toxunduğu birinci mühüm məsələ Fransanın Əlcəzairdə törətdiyi soyqırımı cinayətləri ilə bağlıdır. Prezident çıxışı zamanı deyib ki, Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır.

Sitat: “Mən bu gün şəhidlərin xatirəsini yad etdim, Şəhidlər memorialını, eləcə də Mücahidlər Muzeyini ziyarət etdim və gördüklərim mənə çox təsir etdi. Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnmişdir. Bu gün biz bu faciəni anaraq gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlimizdən gələni etməliyik”.

Hazırda Fransa qondarma erməni soyqırımını tanıyan dövlətlər sırasındadır. Hətta ölkədə “erməni soyqırımı”nı inkar edənlərə qarşı cinayət işi açılır.

Rəsmi Paris “erməni soyqırımı”nın əsas təbliğatçısına çevrilsə də, özünün tarixi keçmişi heç də ağ kağız kimi deyil.

Prezident İlham Əliyev də “Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır” söyləməklə rəsmi Parisi fakt qarşısında qoymuş olur.

Ölkə başçısının Fransanı nüfuzlu toplantıda Əlcəzair soyqırımı ilə bağlı fakt qarşısında qoyması ermənipərəst dairələrin Türkiyəyə qarşı səsləndirdiyi saxta soyqırımı iddialarının neytrallaşdırılması baxımından əhəmiyyətlidir.

Fransanın Əlcəzairi işğal altında saxladığı dövrdə ölkədə minalama işi aparmasına diqqət çəkən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan da mina terrorundan əziyyət çəkir.

Sitat: “…Biz "Böyük Qayıdış" adlanan proqramın icrasına başlamışıq. Biz bunu öz resurslarımız hesabına edirik. Əfsuslar olsun ki, beynəlxalq donor təşkilatları bizə bu işdə yardım etmirlər. Biz özümüz bunu edirik. Bu gün Mücahidlər Muzeyini ziyarət edərkən mənə məlumat verildi ki, Fransanın işğalı zamanı fransızlar 5 milyondan çox mina basdırmışdı. Bu isə mənə bizim eyni ilə üzləşdiyimiz, hazırda əziyyət çəkdiyimiz işğal zamanı Ermənistan tərəfindən bir milyondan çox minanın basdırılmasını xatırlatdı. 2020-ci ilin noyabr ayında müharibə bitdikdən sonra minalar səbəbindən 260-dan çox azərbaycanlı həlak olmuş, yaxud ciddi yaralanmışdır...”

Prezident çıxışı zamanı Fransa və Ermənistan hakimiyyətlərinin oxşar cəhətlərini və insanlıq əleyhinə törətdikləri cinayətləri faktlarla sübut etdi. Bu faktların nüfuzlu tədbirdə səsləndirilməsi ermənipərəst dairələrin anti-Azərbaycan və anti-Türkiyə təbliğatını neytrallaşdırmaq üçün yeni imkanlar açır.

Prezidentin çıxışındakı ikinci mühüm məqam Azərbaycanın Qoşulmama Hərəkatındakı rolu ilə bağlıdır. Azərbaycan Prezidenti Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında Qoşulmama Hərəkatının sədri kimi dəvət olunub.

Prezident çıxışı zamanı Azərbaycanın Qoşulmama hərəkatındakı qoluna toxunub.

Sitat: “Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan beynəlxalq arenada mühüm rol oynayır. 120 ölkəni bir araya gətirən Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır. Azərbaycan 2019-cu ildən bu təsisatın sədridir və biz bütün üzv dövlətlərin yekdil səsi ilə seçilmişdik. Bu da bizim mövqeyimizə və siyasətimizə yüksək səviyyəli dəstəyi və rəğbəti nümayiş etdirir. Bizim sədrliyimiz bir daha yekdil qərarla 2023-cü ilin sonuna qədər uzadılmışdır. Biz bunu bir daha siyasətimizə verilən qiymətin əlaməti kimi görürük. Bizim sədrliyimiz COVID-19 dövrünə təsadüf etmişdir və biz bu məsələdə çox fəal idik. Azərbaycan koronavirusla bağlı 80-dən çox ölkəyə maliyyə və humanitar yardımı göstərmişdir. Biz Qoşulmama Hərəkatının Sammitini təşkil etdik. Biz 2020-ci ilin dekabrında keçirilmiş və sırf COVID-19 ilə mübarizəyə həsr edilmiş BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının təşəbbüskarı olduq. Bütün bu təşəbbüslərin bir ümumi məqsədi var idi - ehtiyacı olan ölkələrə dəstək vermək, resursları səfərbər etmək və peyvəndləri əldə etmək imkanı olmayan ölkələrə dəstək göstərmək”.

Aydın olur ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi Təşkilatın fəaliyyətinə yeni nəfəs verib, onun beynəlxalq proseslərə təsir gücünü artırıb. Həmçinin Prezidentin Qoşulmama Hərəkatının sədri kimi Sammitə dəvət olunması Azərbaycanın Qarabağ uğrunda apardığı mübarizənin, erməni cinayətlərinin ifşası və bu cinayətlərə bəzi beynəlxalq təşkilatların susmasının bəyan edilməsi baxımından böyük əhəmiyyətə malikdir. Ölkə başçısı çıxışı zamanı Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərə geniş yer verib.

Prezidentin çıxışındakı üçüncü mühüm məqam isə Azərbaycanın yeni güc mərkəzi kimi formalaşan Ərəb Dövlətləri Liqası ilə əlaqələrin genişlənməsi və ölkəmizin İslam həmrəyliyinə verdiyi töhfədir.

Ölkə başçısı çıxışı zamanı Ərəb Dövlətləri Liqasına daxil olan ölkələrlə Azərbaycan arasındakı münasibətlərin inkişafından danışıb.

Sitat: “Bu gün mən Sammitdə Qoşulmama Hərəkatının sədri kimi iştirak edirəm, lakin, eyni zamanda, bizim Ərəb Dövlətləri Liqasına üzv olan dövlətlərlə çox yaxşı münasibətlərimiz var. Əminəm ki, yaxın gələcəkdə də bizim əməkdaşlığımız genişlənəcək, yeni xarakter və yeni dinamika alacaq. Biz Ərəb Dövlətləri Liqasına üzv olan ölkələrlə ikitərəfli əməkdaşlığa da xüsusi önəm veririk. Biz aramızda olan qarşılıqlı dəstəyi və həmrəyliyi yüksək qiymətləndiririk”.

Ölkə başçısı Azərbaycanın İslam həmrəyliyinin möhkəmləndirilməsi baxımından gördüyü işləri xüsusi vurğulayıb.

Sitat: “Azərbaycan da öz növbəsində bütün beynəlxalq forumlarda müsəlman qardaşlarımıza öz dəstəyini əsirgəməmişdir. Biz İslam həmrəyliyinə kifayət qədər töhfə vermişik. 2017-ci il Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edilmiş və Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmişdir. Bu idman tədbiri həmrəylik və dostluq bayramına çevrilmişdir”.

Azərbaycanın Ərəb Dövlətləri Liqası ilə əlaqələrini gücləndirməsi qarşılıqlı iqtisadi münasibətlərin inkişafı baxımından da mühüm əhəmiyyətə malikdir.

Çünki Azərbaycan Cənubi Qafqazda, Ərəb Dövlətləri Liqasına daxil olan dövlətlər isə dünya iqtisadiyyatında böyük paya sahibdir. Həmin ölkələrdə böyük qaz və neft ehtiyatı mövcuddur. Səudiyyə Ərəbistanı 2019-cu ildə dünyada ən çox neft hasil edən ikinci ölkə olub. Qətərin qaz ehtiyatı 24,5 trilyon kubmetrdir. Rəsmi Doha bu rəqəmlə dünya qaz bazarında üçüncü sırada dayanır. Afrika qitəsinin ən zəngin dövlətlərindən biri olan Əlcəzair illik 113,6 milyard dollarlıq ümummilli məhsulu ilə qitənin ən böyük beşinci iqtisadiyyatına malik ölkəsidir. Bütün bunlar qarşılıqlı investisiya qoyuluşu imkanlarını artırır, ölkələrin siyasi və iqtisadi əlaqələrinin möhkəmləndirilməsinə töhfə verir.

Ümumilikdə Azərbaycanın Türk Dövlətləri Təşkilatı kimi yeni yaranan güc mərkəzi - Ərəb Dövlətləri Liqası ilə həm siyasi, həm də iqtisadi əlaqələrini gücləndirməsi ölkəmizin qlobal siyasi-iqtisadi proseslərə təsir imkanlarını artırması, Ermənistanın törətdiyi müharibə cinayətlərinin dünyaya çatdırılması, beynəlxalq təşkilatlardakı mövqelərimizin möhkəmlənməsi üçün çox vacibdir.

Xəbər lenti

Xəbər lenti