Bakı. Trend:
Avstriyanın dasfazit.at onlayn qəzetində Prezident İlham Əliyevin Əlcəzairdə Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxışına həsr olunmuş məqalə dərc edilib.
Trend-in məlumatına görə, məqalədə qeyd olunur ki, Prezident İlham Əliyev Əlcəzair Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə tədbirin açılış mərasimində Fəxri qonaq statusunda iştirak edib.
Daha sonra məqalədə Azərbaycan Prezidentinin çıxışından sitat gətirilir: “Mən bu gün şəhidlərin xatirəsini yad etdim, Şəhidlər memorialını, eləcə də Mücahidlər Muzeyini ziyarət etdim və gördüklərim mənə çox təsir etdi. Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnmişdir. Bu gün biz bu faciəni anaraq gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlimizdən gələni etməliyik”, - Azərbaycan Prezidenti bildirib.
Materialda vurğulanır ki, dövlət başçısı iki ölkə arasında müqayisə aparıb və bildirib ki, Əlcəzair kimi işğaldan əziyyət çəkən Azərbaycan əzəli torpaqlarının otuz ilə yaxın Ermənistanın tapdağı altında qaldığı illər ərzində həmişə İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin dəstəyini hiss edib.
Prezidentin çıxışında bir daha vurğulanıb ki, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə edərək öz ərazilərinin azad edilməsinə nail oldu. Dövlət başçısı vurğulayıb ki, işğal olunmuş ərazilərdə törədilmiş vandallıq aktları Ermənistan dövlətinin İslam mədəniyyətinə münasibətinin əsl simasını göstərir: "Bəs, qayıtdıqdan sonra biz nə gördük? On min kvadratkilometrdən çox ərazinin tamamilə məhv edildiyini gördük. Bu ərazi bəzi ölkələrin ərazisinə bərabərdir. Hər bir şey yerlə-yeksan edilmiş, dağıdılmışdır - şəhərlər, kəndlər, binalar, tarixi abidələr, hətta bizim əcdadlarımızın qəbirləri. İşğal zamanı 67 məsciddən 65-i Ermənistan tərəfindən tamamilə dağıdılmışdır. Bu isə terrorçu Ermənistan dövlətinin islamofob mahiyyətinin təzahürüdür".
Məqalədə, həmçinin, Prezident İlham Əliyevin Ərəb Dövlətləri Liqasına üzv olan dövlətlərlə Azərbaycan arasındakı xüsusi münasibətləri, Azərbaycanın bütün beynəlxalq forumlarda müsəlman qardaşlarını dəstəkləməsi və İslam həmrəyliyinə kifayət qədər töhfə verməsi, 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edilməsi və IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi barədə sözləri əksini tapıb.