Bakı. Trend:
Ana dili hər bir xalqın varlığını, milli kimliyini təsdiq edən başlıca amildir və hər bir xalqın milli sərvətidir. Həm ulu öndər Heydər Əliyev, həm Prezident İlham Əliyev Azərbaycan dilinin qorunmasına və inkişafına daim böyük diqqət yetirib. Ümummilli Liderimizin həyata keçirdiyi ana dili siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında Ana dili məsələsini gündəmə gətirməsi bu siyasəti təsdiq etməklə yanaşı olduqca vacib bir çağırışdır.
Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, bu gün ana dili dünyada yaşayan 50 milyondan çox soydaşımızı birləşdirən və doğmalaşdıran olduqa mühüm atributdur.
“Lakin təəssüflər olsun ki, dünyada yaşayan çoxmilyonluq soydaşlarımız öz ana dilində təhsil almaq imkanından məhrumdur. Cənab Prezident İlham Əliyev öz çıxışında “Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır, bu istiqamətdə lazımi addımlar atılmalıdır” deməklə bu məsələyə diqqət çəkdi və çox vacib çağırış etdi.
Azərbaycan eyni zamanda hər zaman xaricdə yaşayan
soydaşlarımızın hüquqlarının qorunmasına böyük diqqət yetirib.
Cənab Prezident İlham Əliyev öz çıxışında “Azərbaycan dövləti
xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının,
təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirir.
Azərbaycan acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş
soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub
saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi
Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylərini davam
etdirəcək” deməklə bunu bir daha təsdiq etdi və Azərbaycanın
qətiyyətli mövqeyini ortaya qoydu.
Hesab edirəm ki, türk dövlətləri də bu çağırışdan ciddi nəticə
çıxarmaqla bu cür məsələlərə xüsusi diqqət yetirəcək və
bir-birilərinə lazımi dəstək göstərəcəklər. Çünki cənab Prezident
İlham Əliyevin bu çağırışı təkcə Azərbaycanı narahat edən məsələ
deyil, ümumilikdə bu gün türk dünyası qarşısında dayanan önəmli
çağırış idi. Bu bəyanat təkcə dünyada yaşayan azərbaycanlıların
deyil, eyni zamanda, uyğur türklərinin, dünyanın digər ölkələrində
yaşayan və hüquqları tapdalanan türk toplumlarının hüquqlarının
müdafiəsi baxımından səsləndirilən mühüm çağırış idi”, - deyə
deputat əlavə edib.
A.Həsənova əlavə edib ki, Azərbaycan hər zaman türk dövlətlərinin həmrəyliyinin və birliyinin möhkəmlənməsinə mühüm töhfələr verib, daim bu məsələni diqqətdə saxlayıb.
“Azərbaycan Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə də fəal iştirak etdi və cənab Prezident İlham Əliyev türk dövlətləri qarşısında dayanan mühüm məsələləri gündəmə gətirməklə türk xalqlarının hüquqlarının qorunmasına və birliyinin möhkəmlənməsinə çağırış etdi. Ümumilikdə hesab edirəm ki, bu Zirvə görüşü əhəmiyyətli bir toplandı oldu və türk dövlətlərinin birliyinin möhkəmlənməsi istiqamətində yeni bir səhifə açmış oldu”, - deyə deputat əlavə edib.