Bakı. Trend:
Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 6-da ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisdən Trend-ə bildirilib ki, qonaqları salamlayan Milli Məclisin sədri, xalqlarımız arasında əsrlər boyu davam edən tarixi əlaqələrin mövcud olduğunu, bu münasibətlərin bu gün də uğurla davam etdirildiyini diqqətə çatdırıb. O, Azərbaycanla Rusiya Federasiyası arasında münasibətlərin inkişafında dövlət başçılarının rolunu diqqətə çatdıraraq, qarşlıqlı səfərlərin də bu münasibətlərə töhfə verdiyini bildirib. Rusiya Federasiyasının subyektləri, o cümlədən Dağıstan Respublikası ilə Azərbaycan arasında uğurlu əməkdaşlıq əlaqələri haqqında danışan Milli Məclisin sədri bu sahədə parlament əlaqələrinin də özünəməxsus rolunu qeyd edib.
Söhbət zamanı parlamentin spikeri Sahibə Qafarova, Rusiya Federasiyası Federasiya Şurası və Dövlət Duması ilə Azərbaycan Respublikası Milli Məclisi arasında mövcud olan ikitərəfli əlaqələr haqqında məlumat verib.
Görüşdə Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarını işğaldan azad etməsi barədə danışan Milli Məclisin sədri deyib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazilərimizin Ermənistan tərəfindən 30 illik işğalına son qoyulması, hazırda Cənubi Qafqaz regionunda tamamilə yeni şəraitin yaranması, Azərbaycanın iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün Ermənistana bir sıra təkliflər irəli sürməsi, həmçinin, Ermənistanın regionda sülhün və təhlükəsizliyin təmin olunmasına qarşı törətdiyi təxribatlar haqqında geniş məlumat verib.
Milli Məclisin sədri işğaldan azad olunmuş ərazilərimizdə həyata
keçirilən böyük quruculuq və bərpa işləri haqqında məlumat verib.
O, qeyd edib ki, bu ərazilərin yenidən qurulması və Zəngəzur
dəhlizinin açılması həm regional kommunikasiyaların bərpasına, həm
də bölgənin inkişafına, sülh və təhlükəsizliyin təmin edilməsinə
böyük töhfə olacaq.
Səmimi sözlər üçün təşəkkürünü bildirən Rusiya Federasiyasının
Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov Rusiya Federasiyası
Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun
salamlarını Milli Məclisin sədrinə çatdırıb.
Qonaq Prezident İlham Əliyevlə bugünkü görüşü zamanı aparılan fikir
mübadiləsindən razılığını ifadə edib. O, Azərbaycanın dinamik
inkişafından məmnunluğunu qeyd edərək, bildirib ki, Dağıstan
Azərbaycanla sosial-iqtisadi sahədə əlaqələrin daha da inkişaf
etdirilməsində maraqlıdır. O, qanunvericilik orqanlarının bu
münasibətlərin inkişafında oynadığı rolu diqqətə çatdırıb.
Sergey Məlikov digər xalqların nümayəndələri ilə yanaşı,
azərbaycanlıların da Dağıstanda vahid ailə kimi yaşadıqlarını,
azərbaycanlıların Dağıstanın inkişafına töhfəsini qeyd edib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da
fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, deputatlardan - Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Səfərov, qrupun üzvləri Azər Badamov, Sevil Mikayılova, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər iştirak ediblər.