Bakı. Trend:
Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev 14 dekabr 2022-ci il tarixində Türkmənistanda təşkil olunmuş Üçtərəfli Zirvə Görüşündə çıxışı zamanı bir çox mühüm məsələrə toxunmuşdur. Qeyd olunmuşdur ki, ölkələrimiz arasında etibarlı əməkdaşlığın obyektiv əsasları vardır. Azərbaycan, Türkiyə və Türkmənistan bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlər ilə sıx bağlıdır. Tarixi bağlar üzərində qurulmuş münasibətlər bu ölkələr arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır.
Cənab Prezident qeyd etmişdir ki, Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. Türkiyə ilə keçən il imzaladığımız Şuşa Bəyannaməsi münasibətlərimizi strateji müttəfiqlik səviyyəsinə çatdırmışdır. 2017-ci ildə Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır. Ölkələrimiz beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərir və əməkdaşlıq edir.
Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişaf dinamikası getdikcə yüksəlir. 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45 faiz artaraq 5 milyard dollara çatmışdır. Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyədən Azərbaycan iqtisadiyyatına isə 14 milyard dollara yaxın sərmayə yatırılmışdır. Bu il Türkmənistan ilə ticarət dövriyyəsi 5 dəfə artmışdır.
Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atmışdır. Ölkələrimiz tərəfindən bir çox layihələr icra edilmişdir ki, bunlar da öz növbəsində nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır. Hər üç ölkədə bu sahəyə qoyulan sərmayələr yeni, müasir infrastrukturun yaradılmasına xidmət etmişdir. Azərbaycan önəmli tranzit ölkəsinə çevrilmişdir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra etmişdir. 2022-ci ilin ilk 10 ayında Azərbaycan ərazisindən keçən ümumi tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən çox artmışdır.
Qeyd ermək lazımdır ki, Azərbaycan, Türkmənistan və Türkiyə arasındakı əməkdaşlıq Asiya ilə Avropa arasında əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Keçən dövr ərzində Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atıblar. Bu ölkələr Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçılarıdır. Bu gün Avropadan Asiyaya və əksinə uzanan ticarət yolları üzərində yerləşən hər üç dövlət Avrasiyada mühüm əməkdaşlıq platformasını formalaşdırırlar. Hər üç ölkə eyni zamanda yerləşdikləri geostrateji məkanın enerji təhlükəsizliyinin də təmin olunmasında əhəmiyyətli rola malikdirlər. 44 günlük Vətən müharibəsində Azərbaycanın parlaq zəfər qazanmasından sonra Orta dəhlizin mühüm tərkib hissəsi olacaq Zəngəzur dəhlizinin reallaşdırılması da regionda yeni nəqliyyat-kommunikasiya işbirliyi üçün əlverişli şərait yaradacaq.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türkmənistana səfəri çərçivəsində imzalanmış energetika, nəqliyyat, gömrük, ticari-iqtisadi səhələrdə əməkdaşlığa dair sənədlər də qeyd olunan sferalarda uğurlu layihələrin reallaşdırılmasına əlavə imkanlar verəcək.
Rauf Əliyev,
Milli Məclisin deputatı