...

Gün gələcək Qərbi Azərbaycandan olan soydaşlarımız öz ata-baba yurdlarına qayıdacaqlar - Rauf Əliyev

Siyasət Materials 28 Dekabr 2022 17:04 (UTC +04:00)
Gün gələcək Qərbi Azərbaycandan olan soydaşlarımız öz ata-baba yurdlarına qayıdacaqlar - Rauf Əliyev

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 dekabr 2022-ci il tarixində Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşmüşdür. Cənab Prezident görüşdəki çıxışında çox mühüm məsələlərə toxunmuş və mühüm mesajlar vermişdir. Bildirilmişdir ki, Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılmalıdır. Qərbi Azərbaycan İcması bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır. Hüquqi müstəvidə bütün lazımi tədbirlər görülməlidir. Beynəlxalq hüquqşünaslar cəlb edilməlidir. Onlar bu qayıdış istəyini və hüququnu beynəlxalq müstəvidə necə reallaşdırmaq lazımdır yolunu bizə göstərəcəklər.

Bildirilmişdir ki, tarix təhrif olunmamalıdır, necə var, eləcə də cəmiyyətə çatdırılmalıdır. Hamı bilməlidir ki, 1918-ci ildə təzə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti özünün ilk qərarlarından birində Azərbaycanın tarixi şəhəri olan İrəvanı Ermənistana faktiki olaraq bağışlamışdır. Bu, bağışlanmaz bir addım idi, bu, xəyanət idi və cinayət idi. Bunu biz hamımız yaxşı bilirik, xalqımız da bunu bilməlidir.

1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə Azərbaycanın digər tarixi torpaqları Zəngəzuru da Azərbaycandan ayırıb Ermənistana birləşdirdilər. Bu, xalqımıza qarşı növbəti cinayət idi. Bunun da məqsədi tam aydın idi. Birincisi, erməni millətçiləri sovet hökumətində mühüm vəzifələrdə idi. Digər tərəfdən, Azərbaycanı Naxçıvandan və Türkiyədən coğrafi nöqteyi-nəzərdən ayırmaq üçün atılmış bir addım idi.

1948-1953-cü illərdə xalqımız növbəti deportasiyaya məruz qalmışdır. Bu, sovet hökumətinin Qərbi azərbaycanlılara və bütövlükdə Azərbaycan xalqına qarşı törədilmiş növbəti cinayəti idi. Bu, eyni zamanda, böyük ədalətsizlik idi, vicdansızlıq idi. 1980-ci illərin sonlarında sovet hökuməti xalqımıza qarşı növbəti cinayət törətdi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətdən getməsindən istifadə edən həm erməni millətçiləri, həm onların sovet hökumətindəki havadarları dərhal hərəkətə keçdilər. Heydər Əliyev 1987-ci ilin noyabrında bütün vəzifələrdən uzaqlaşdırılandan iki həftə sonra erməni millətçiləri baş qaldırdılar. Sovet hökuməti onlara dəstək oldu və həm Qarabağda, həm o vaxtkı Ermənistan Respublikasında xalqımıza qarşı növbəti cinayət başlandı. Azərbaycanlılar tarixi diyarı olan Qərbi Azərbaycandan deportasiya edildi. Bütün bunlar sovet hökumətinin gözünün önündə baş vermiş cinayətlərdir. Bütövlükdə 300-dən çox şəhər və kənddə azərbaycanlılar yaşamışlar. Onların hamısı 3 il ərzində Ermənistandan zorla çıxarıldı, qovuldu, bir çoxları öldürüldü, onlara işgəncələr verildi.

İki il bundan əvvəl Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə Qəhrəman Azərbaycan Ordusu öz tarixi missiyasını şərəflə yerinə yetirərək ədaləti bərpa etdi, düşmənləri torpaqlarımızdan qovdu, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi.

Qarabağın, Şərqi Zəngəzurun döyüş meydanında azad edilməsi tarixi hadisədir və Azərbaycan durduqca Azərbaycan tarixində qalacaq. Bu il əldə edilən həm hərbi, həm siyasi uğurlarımız da gələcək üçün zəmin yaradır. Həm qayıdış üçün, həm təhlükəsizlik üçün, həm Azərbaycanı güclü dövlət kimi qəbul etmək istəməyənlər üçün də bir dərs oldu və bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz.

Cənab Prezident öz çıxışında İcmanın əsas fəaliyyət istiqamətlərini müəyənləşdirmişdir. Mövcud istiqamətdə görülən işlər bundan sonra daha məqsədyönlü şəkildə aparılmalıdır. Ölkə daxilində icmanın fəaliyyəti daha da gözəgörünən olmalıdır. Rəsmi İrəvanın tarixi saxtakarlığı ifşa olunmalıdır. İrəvanın tarixi mərkəzi Azərbaycan xalqının tarixi irsi idi, Şəhərsalma adı altında bütün tarixi binalar, o cümlədən, İrəvan qalası, Sərdar sarayı dağıdılıb. Qədbi azərbaycanlıların pozulmuş hüquqlarının bərpa olunmasından danışan cənab Prezident demişdir: “Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Biz bunu sülh yolu ilə etmək istəyirik”

Cənab Prezident İlham Əliyev çıxışında təbliğat işində diasporun dəaliyyətinə xüsusi diqqət göstərdi. “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər” söyləyən dövlət başçısı İlham Əliyev qeyd etdi ki, həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq, necə ki, Qarabağ həqiqətlərini çatdırmışdıq. Qərbi Azərbaycan İcmasının xaricdəki fəaliyyəti xüsusi önəm daşımalıdır. Sərgilər, təqdimatlar, beynəlxalq konfranslar keçirilməlidir. Azərbaycanın diaspor təşkilatları ilə birlikdə aksiyalar keçirilməlidir:” Bizim bir çox ölkələrdə diaspor təşklilatlarımız var və bu il biz Şuşada tarixi Azərbaycan diaspor təşkilatlarının qurultayını keçirdik. Xarici ölkələrin siyasi dairələri, mətbuat və qanunvericilik orqanları ilə təmaslar qurulmuşdur. Yəni biz haqlı olaraq hüququmuzu tələb etməliyik. Bu , bütün beynəlzalq konvensiyalarda təsbit edilmiş hüquqdur.”

Bu gün Qərbi Azərbaycana Qayıdış Qarabağ münaqişəsi həll olunandan sonra dövlətimizin gündəliyində duran başlıca məsələlərdən biridir. İnanırıq ki, Qarabağ üzrə Böyük Qayıdış Proqramı icra edildiyi kimi, Qərbi Azərbaycana Böyük Qayıdış Proqramı da yaxın gələcəkdə həyata keçəcək. Çünki Azərbaycan xalqının hər sözü əməli fəaliyyətdə öz əksini tapan cənab İlham Əliyev kimi bir lideri var. Ona görə də bizim Qərbi Azərbaycana qayıdacağımız heç kimdə sual doğurmasın. Qərbi Azərbaycana qovuşmağımızla bizi yalnız zaman ayırır.

Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə görüşü tarixi əhəmiyyətə malik olan mühüm hadisədir. Bu görüş həmdə ona görə əhəmiyyətlidir ki, dövlət başçısı soydaşlarımızın öz tarixi ata-baba yurdlarına qaydışı ilə bağlı yeni dövrün başlanğıcını elan etdi.

Milli Məclisin deputatı

Rauf Əliyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti