Bakı. Trend:
Fransa parlamentində təmsil olunan siyasi qüvvələrin nümayəndələri prezident Makrona müraciət edərək, Azərbaycana qarşı əsassız ittihamlar səsləndiriblər. Müraciətdə beynəlxalq hüququn fundamental prinsiplərinə zidd, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə təcavüzə çağırış ifadə edən fikirlər yer alıb. Bu, Fransanın Azərbaycan əleyhinə siyasətini və təxribatlarını davam etdirdiyini təsdiqləyir.
Trend-in məlumatına görə, bunu deputat Soltan Məmmədov Milli Məclisin bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, ötən ay Fransa parlamentinin hər iki palatasında qərəzli sənədlər qəbul edilmişdi.
“Daha sonra Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki separatçı rejimin nümayəndəsinin təmtəraqla qarşılanması, Azərbaycan ekofəallarının Laçın yolunda etiraz aksiyası ilə bağlı Fransa Xarici İşlər Nazirliyinin qeyri-obyektiv bəyanatı Fransanın separatizmə açıq dəstək verdiyinin göstəricisidir.
Fransa parlamentində təmsil olunan şəxslərin başqa bir ölkənin
ərazi bütövlüyünə, müstəqilliyinə açıq hörmətsizlik ifadə edən
mövqeyi ilk növbədə Fransa hökuməti tərəfindən qınanmalıdır.
Təəssüf ki, biz Fransa hökumətinin adekvat reaksiyasını görmədik.
Bu da Fransanın Azərbaycanla Ermənistan arasında münasibətlərin
normallaşması prosesinə töhfə vermək niyyətində olmadığını sübut
edir. Əksinə, Fransa Cənubi Qafqazda gərginlik mühiti yaratmaq,
regionda sülhün təmin olunması istiqamətində təşəbbüslərə mane
olmaq üçün bütün alətlərdən istifadə etməyə çalışır.
Bir məsələni də diqqətə çatdırmaq istərdim ki, Fransa Milli
Assambleyasında artıq Azərbaycanla dostluq qrupu formalaşıb.
Əvvəliki tərkiblə biz çox fəal əlaqələr qurmağa müvəffəq olmuşduq.
Fransa parlamentinin üzvlərinin ölkəmizə, o cümlədən, işğaldan azad
olunmuş ərazilərimizə səfərləri təşkil edilmişdi. Fransa
ictimaiyyətinə Azərbaycan həqiqətlərinin çatdırılmasında bu
əlaqələrdən maksimum faydalanmağa çalışmışıq. Milli Məclis
rəhbərliyinə, şəxsən Sahibə xanım Sizə, ilk günlərdən
fəaliyyətimizə verdiyiniz dəstəyə görə işçi qrupunun adından
minnətdarlığımı bildirirəm”, - deyə deputat bildirib.
O qeyd edib ki, Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu ölkəmizin mövqeyini çatdırmaq üçün Milli Assambleyada yeni formalaşmış dostluq qrupu ilə əlaqələri zəruri sayır və bu istiqamətdə müvafiq addımlar atacaq.
“Çünki Fransa hökuməti və parlamentinin mövqeyi tamamilə qəbuledilməzdir. Görünür, Fransa beynəlxalq birliyin bölüşdüyü ümumbəşəri dəyərləri artıq qəbul etmir. Hesab edirəm ki, bu, münasibətlərdə dərin çatlar yaradır.
Bizim ölkəmiz Cənubi Qafqazın ən güclü dövləti kimi milli maraqlarına qarşı yönəlmiş istənilən təhdidə müqavimət göstərmək imkanındadır. Lakin Azərbaycanın siyasəti gücə deyil, sülh, sabitlik, təhlükəsizlik, əməkdaşlıq dəyərlərinə əsaslanır. Azərbaycan regionda yeni reallıqlar yaradıb və bütün digər ölkələr kimi, Fransa da bu reallıqları qəbul etməlidir”, - deyə deputat əlavə edib.