...

Əsas hədəf vətəndaşların sosial rifahının daha da yüksəldilməsidir - Vüqar Rəhimzadə

Siyasət Materials 6 Yanvar 2023 17:05 (UTC +04:00)

Bakı. Trend:

Əməkhaqlarının, pensiyaların, müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması davamlı xarakter daşıyır

"Azərbaycan dövlətinin dayanıqlı inkişafın, yüksək rifahın təmin edilməsi istiqamətində atdığı addımların beynəlxalq səviyyədə dəstəklənməsi yeni iqtisadi və sosial inkişaf modelinin nəticəsidir. Zamanın, dövrün tələbinə uyğun olaraq təkmilləşmə, iqtisadi imkanların artması fonunda güclü sosial siyasət, aztəminatlı ailələrə xüsusi diqqət və qayğı, özünüməşğulluq proqramının icrası, bütün göstərilən xidmətlərdə şəffaflığın təmin edilməsi məqsədilə Azərbaycan brendi kimi dünyaya səs salan “ASAN xidmət”, ABAD, DOST mərkəzlərinin yaradılması kimi biri-birindən mühüm addımlar və layihələr beynəlxalq səviyyəli tədbirlərdə əsas diqqət göstərilən məsələlər sırasındadır. Bu uğurlar düşünülmüş və məqsədyönlü siyasətin, ən əsası vətəndaş amilinə verilən dəyərin nəticəsidir. Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin atdığı addımların təməlində Ümummilli Liderin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisi ilə yanaşı, “Neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur” çağırışı dayanır. Çünki cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən neft-qaz sektorunu iqtisadiyyatın inkişafında mühüm amil kimi dəyərləndirməklə bərabər, həm də iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını əsas hədəf kimi qarşıya qoydu. Neft gəlirlərinin idarə olunmasında, şəffaflığın təmin edilməsində mühüm rol oynayan Dövlət Neft Fondunun vəsaitləri hesabına biri-birindən əhəmiyyətli sosial-iqtisadi layihələr həyata keçirilir. Bu layihələr də öz növbəsində ölkənin hərtərəfli inkişafını təmin edir. Dövlət başçısı İlham Əliyev daim müqayisəli təhlil əsasında bu fikri xüsusi qeyd edir ki, neftlə zəngin çox ölkələr var. Amma bu resurslar onlara heç də uğur gətirmir. Belə ki, əhali arasında təbəqələşmə prosesi baş verir. Amma Azərbaycanın iqtisadi strategiyasını dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinadən müəyyənləşdirməsi və həyata keçirməsi bu kimi problemlərin yaşanmamasını şərtləndirir. İnsan amilinə verilən dəyər ölkədə vətəndaş məmnunluğunun artmasına öz müsbət təsirini göstərir.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Trend-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, ölkəmizdə bir qayda olaraq iqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanır: “Buna əmin olmaq üçün koronavirus infeksiyasının dünyanı cənginə aldığı vaxtlardan, 2019-cu ilin sonlarından bu günədək dövlətimizin əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atdığı addımlara diqqət yetirmək kifayətdir. Prezident İlham Əliyev mübarizə tədbirlərinə başlandığı andan bu çağırışı etdi ki, iqtisadi islahatlar dərinləşdirilməli, heç bir sosial layihə təxirə salınmamalıdır. Həm koronavirus infeksiyası ilə mübarizə, həm də Vətən müharibəsi dövrünə nəzər salsaq görərik ki, insanların sosial müdafiəsinin gücləndirilməsi heç zaman arxa planda olmadı, əksinə dövlət başçısı İlham Əliyevin bu istiqamətdə imzaladığı Fərman və sərəncamlar davamlılığı ilə diqqət çəkdi. Həmin dövrlərdə əməkhaqlarının, pensiyaların və sosial müavinətlərin artırılmasını xüsusi qeyd etməliyik. Bu müsbət dinamikanın göstəricisidir. Həm də təqdirəlayiq haldır ki, həm minimum, həm də orta pensiyanın alıcılıq qabiliyyəti indeksinə görə Azərbaycan MDB məkanında öz liderliyini qoruyur.”
YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, bu siyasəti ardıcıl surətdə davam etdirən dövlət başçısı İlham Əliyev 2023-cü ilin ilk günlərində imzaladığı Sərəncamla əhalinin sosial müdafiəsinin prioritet olduğunu bir daha təsdiqlədi: “Belə ki, ölkə Prezidentinin 5 yanvar 2023-cü il tarixli «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında» Sərəncamı həyata keçirilən sosial siyasətin, aparılan təkmil islahatların davamı kimi dəyərləndirildi. Sərəncama əsasən, minimum aylıq əməkhaqqı 2023-cü ilin yanvarın 1-dən 345 manata yüksəlir. Həmçinin minimum pensiya 280 manata çatdırılacaq, müavinət və təqaüdlər, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğləri artırılacaq. Dövlət başçısı İlham Əliyevin iqtisadi tərəqqi ilə uzlaşan sosial siyasəti ölkə ictimaiyyəti tərəfindən dəstəklənir. Atılan hər bir addımda vətəndaş amilinin prioritetliyi cənab İlham Əliyevin hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu təsdiqləyir. Son illərin statistikasına diqqət yetirsək görərik ki, minimum əməkhaqqı artırılaraq 130 manatdan 345 manata, minimum pensiya 110 manatdan 280 manata çatdırılır. Ümumilikdə əməkhaqlarının, pensiyaların, müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması davamlı xarakter daşıyır. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, keçmiş məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, həmçinin şəhid ailələrinə, qazilərimizə diqqət və qayğı dövlətimizin sosial siyasətinin əsasını təşkil edir.»
Vüqar Rəhimzadə onu da əlavə edib ki, dövlət başçısı İlham Əliyev ötən ilin sonlarında «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Qanunu təsdiqlədi. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edildi. Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir. Həmçinin dövlət başçısı İlham Əliyev 2023-cü ilin dövlət büdcəsini təsdiqlədi. Builki dövlət büdcəsi də sosialyönümlülüyü ilə diqqətdədir.
“Göründüyü kimi, ölkəmizin iqtisadi imkanlarının artması əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı addımlara geniş yol açır» söyləyən YAP Xətai rayon təşkilatının sədri bildirib ki, bir əsas məqamı da unutmayaq ki, tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir: «Azərbaycan dünya hərb tarixində bu ilkə də imza atdı ki, müharibə bitən kimi azad edilmiş ərazilərimizdə bərpa işlərinə start verdi. İki ildən artıq dövrdə görülən işlərin miqyası ölkəmizin iqtisadi imkanları barədə aydın təsəvvür yaradır. Azərbaycan bu işləri öz daxili imkanları hesabına həyata keçirir. İşğaldan azad edilmiş torpaqlarımızla yanaşı, digər regionlarımızın da sosial-iqtisadi inkişafı dövlətimizin diqqət mərkəzindədir. Prezident İlham Əliyev insanların rahat yaşayışının təmin olunmasını, sosial rifah halının yaxşılaşdırılmasını, bir sözlə, onların qayğıları ilə yaxından tanış olub həlli istiqamətində addımların atılmasını bütün dövlət məmurlarının qarşısında əsas vəzifə kimi qoyur. Dövlət başçısı rayonlara yeni təyin etdiyi icra başçılarını qəbul edərkən də onlara ilk tapşırığı xalqın yanında olmaq, onların problemlərinin həllini yüksək səviyyədə təmin etməkdir.”
Vüqar Rəhimzadə sosial xidmət sahəsində təkmilləşməni də insan amilinə verilən dəyərin bariz nümunəsi kimi qeyd edərək bildirib: “Prezident İlham Əliyevin sosial islahatlar proqramının əsas hədəfi dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsidir. Dövlətimizin başçısının “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci ildə imzaladığı Fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin məqsədi də məhz bu hədəfə yüksək səviyyədə nail olmaqdır. “ASAN xidmət”, DOST mərkəzlərinin işğaldan azad edilmiş ərazilərimizdə yaradılması da əsas hədəflər sırasındadır. O da məlumdur ki, ötən ilin sonlarında Bakının Xətai rayonunda yerləşən 5 saylı DOST mərkəzinin açılışı oldu. Bu statistik rəqəm açıqlandı ki, bugünədək istifadəyə verilmiş DOST mərkəzlərində ümumilikdə 1 milyon 250 mindən çox şəxsə xidmət göstərilib. Vətəndaşların xidmətlərdən məmnunluq səviyyəsi 98,2 faiz təşkil edir. Ümumilikdə DOST mərkəzləri vasitəsilə həyata keçirilən tədbirlər dövlətin sosialyönümlü siyasətini əyani nümayiş etdirir.”

YAP Xətai rayon təşkilatının sədri qürur hissi ilə qeyd edib ki, Böyük Qayıdışın tam şəkildə həyata keçirilməsindən sonra işğaldan azad edilmiş ərazilərimizin malik olduqları iqtisadi potensialdan səmərəli istifadə dayanıqlı inkişafa böyük töhfələr verəcək, güclü sosial siyasət üçün imkanlar yaranacaq. Özünüməşğulluq proqramının coğrafiyasının genişlənməsi də əhalinin sosial müdafiəsinin gücləndirilməsində öz sözünü deyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti