...

Terrora görə İran bir dövlət kimi məsuliyyət daşıyır - Xələf Xələfov

Siyasət Materials 29 Yanvar 2023 21:50 (UTC +04:00)
Terrora görə İran bir dövlət kimi məsuliyyət daşıyır - Xələf Xələfov

Bakı. Trend:

Törədilən terrora görə İran bir dövlət kimi məsuliyyət daşıyır.

Trend-in məlumatına görə, bunu yanvarın 29-da Heydər Əliyev Hava Limanında jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

"Vyana konvensiyasının müvafiq maddələrinə görə səfirliyi qəbul edən ölkə təhlükəsizliyə məsuliyyət daşıyır. Baş vermiş terror hadisəsi və onun ağır nəticələri ilə əlaqədar İran bir dövlət kimi məsuliyyət daşıyır”, - deyə nazir müavini əlavə edib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Bu gün isə yerli vaxtla 22:00 radələrində Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarını və səfirliyə hücum zamanı şəhid olan Orxan Əsgərovun cənazəsini gətirən təyyarə Bakıda Heydər Əliyev Hava Limanına eniş edib.

Ümumilikdə Tehrandan Bakıya 53 nəfər təxliyyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti