...

Azərbaycan səfirliyinin İrandakı diplomatik fəaliyyəti tamamilə dayandırılıb - Xələf Xələfov

Siyasət Materials 29 Yanvar 2023 22:13 (UTC +04:00)
Azərbaycan səfirliyinin İrandakı diplomatik fəaliyyəti tamamilə dayandırılıb - Xələf Xələfov

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan səfirliyinin İrandakı diplomatik fəaliyyəti tamamilə dayandırılıb, bu qərar Təbrizdəki Baş Konsulluğun fəaliyyətinə şamil olunmur.

Trend-in məlumatına görə, bunu yanvarın 29-da Heydər Əliyev Hava Limanında jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

"Orada 5 nəfər səfirliyin inzibati binasının, səfirlik əmlakının qorunması ilə bağlı səfirlikdə qalacaq, amma onlar diplomatik fəaliyyət göstərməyəcəklər", - deyə nazir müavini əlavə edib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Bu gün isə yerli vaxtla 22:00 radələrində Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarını və səfirliyə hücum zamanı şəhid olan Orxan Əsgərovun cənazəsini gətirən təyyarə Bakıda Heydər Əliyev Hava Limanına eniş edib.

Ümumilikdə Tehrandan Bakıya 53 nəfər təxliyyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti