Bakı. Trend:
Azərbaycan İranla münasibətlərə yüksək dəyər verdiyi halda İranın Azərbaycanla bağlı siyasəti necə oldu kimi bir sual ortaya çıxır. Torpaqlarımız erməni işğalı altında olduğu dövrdə İranın Azərbaycana yanaşması açıq müstəvidə heç də gərgin görünmürdü. Çünki İran Azərbaycanın təklif etdiyi platformalarda iştirak edir və ümumi planlarımızın həyata keçirilməsinə razılığını bildirirdi. Amma 30 ildən sonra torpaqlarımızı 44 gündə azad etməyimiz İranın əsil iç üzünü məlum etdi. Elə 44 günlük Vətən müharibəsi dövründə İran Ermənistana hərbi və digər dəstəklər göstərdi və çalışdı ki, Azərbaycan qalib gəlməsin.
Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.
O bildirib ki, Azərbaycanın Müzəffər ordusu Ermənistana dəstək verənlərin bütün cəhdlərini darmadağın edərək qələbəyə imza atdı.
“İran isə Azərbaycanın qələbəsini həzm edə bilmədi. Ona görə də Azərbaycana olan nifrətini açıq müstəviyə keçirməyə başladı. Beləki, İranın dini rəhbərləri və deputatları Azərbaycanı hədələməyə başladı. Hətta Ermənistanın ərazisi bütövlüyünün pozulması İran üçün qırmızı xətt olduğunu bəyan etdilər. Azərbaycan antiterror əməliyyatları aparmağa başlayanda İran Araz çayının sahili boyu sərhədlərimizdə hərbi təlimlərə başladı. Amma torpaqlarımız erməni işğalı altında olduğu dövrdə İran heç vaxt hərbi təlim aparmamışdı. İndi aparılan hərbi təlimlər Azərbaycana əzələ nümayişindən başqa bir şey deyildi. Təbii ki, Azərbaycanda İrana cavab olaraq geniş hərbi təlimlər keçirdi” - deyə deputat bildirib.
O qeyd edib ki, son zamanlar İran Ermənistan ərazisindən Cənub-Şimal nəqliyyat dəhlizinin çəkilməsi məsələsini aktuallaşdırdı.
“Hətta bu nəqliyyat dəhlizinin tikintisinin maliyyə yükünü də İran öz üzərinə götürdü. Məqsəd isə Azərbaycanın üzərindən keçən yüklərini Ermənistan üzərinə keçirmək və Ermənistanın dünyaya qapılarını açmaqla Zəngəzur dəhlizinin açılmasına mane olmaqdır. Əlbəttə ki, burda məqsəd yenə də Azərbaycana olan nifrətdən irəli gəlirdi. Çünki, bu gün nəqliyyat dəhlizləri Azərbaycanın üzərindən keçir və Ermənistan dalana salınmışdır. Bunu da İran qəbul edə bilmir.
Müharibənin başa çatdığı iki ildən bir az çox dövrdə İran bütün gücü ilə Ermənistanı canlandırmağa və hərbi gücünün yenidən bərpa edilməsinə çalışır.
Hətta İran mütəxəsisləri Ermənistana gələrək İran PUA-larla işləmək təcrübəsini öyrədirlər. Məqsədi İsə Ermənistanı Azərbaycana qarşı yenidən müharibəyə hazırlamaqdır. İran görür ki, onun bütün cəhdləri iflasa uğrayır və Azərbaycana təsir etmək mümkün deyil. Azərbaycan öz sözünü deyir, əzələyə əzələ ilə cavab verir və regionda mövqeləri möhkəmlənmiş vacib aktora çevrilir. Bunu da İran qəbul edə bilmir və hesab edirəm ki, ona görə də Tehrandakı səfirliyimizə hücum təşkil olunur. Məhz təşkil olunur. Ona görə ki, video kameraların görüntülərindən hamı görür ki, terrorçu avtomat silahı ilə səfirliyimizə daxil olanda qapıdakı mühafizəçiyə işarə edir və mühafizəçi heç bir tədbir görmədən telefonla oynamaqda davam edir.
Hətta polis idarəsində jurnalist terrorçudan çox sərbəst şəkildə müsahibə alır. Aydın şəkildə görünür ki, məqsəd təşkil olunmuş cinayətin istiqamətini dəyişdirmək və beynəlxalq ictimaiyəti azdırmaqdan ibarətdir.
Halbuki, səfirliklər Vyana konvensiyasına və beynəlxalq hüquq normalarına görə səfirliklərin yerləşdiyi ölkə tərəfindən qorunmalıdır. Burda aydın şəkildə görünür ki, heç bir qorunma yoxdur və əksinə terrorçuya göz yummaqla səfirliyimizə hücuma şərait yardılır. Təbii ki, bu, qəbuledilməz haldır.
Səfirliyimizə hücmun təşkilinin məqsədinin qalib və dünyada nüfuzlu Azərbaycan dövlətinin siyasətini sındrmaq istəyindən irəli gəldiyini düşünürəm. Hesab edirəm ki, səfirliyimizə təşkil olunmuş terrora görə İranın Ali rəhbəri və dövlət başçısı Azərbaycan dövlətindən və xalqından üzr istəməli və belə halların bir daha təkrar olunmayacağına zəmanət verməlidirlər. Əks halda İranla diplomatik münasibətlərimizə yenidən baxılmalıdır”, - deyə deputat əlavə edib.
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.