...

Azərbaycan qadınına xas yüksək mənəvi keyfiyyətlər Birinci vitse-prezident Mehriban Əliyevanın vətənpərvərliyi işığında daha saf məzmun kəsb edir - Sevil Mikayılova

Siyasət Materials 11 Fevral 2023 16:32 (UTC +04:00)
Azərbaycan qadınına xas yüksək mənəvi keyfiyyətlər Birinci vitse-prezident Mehriban Əliyevanın vətənpərvərliyi işığında daha saf məzmun kəsb edir - Sevil Mikayılova

Bakı. Trend:

Qardaş Türkiyədə 6 fevralda baş vermiş dağıdıcı zəlzələ onminlərlə insanın həyatına son qoydu, dağıntılar altında qalan minlərlə insanın taleyi isə hələ də naməlumdur.

Azərbaycanda ilk gündən türkiyəli bacı-qardaşlarına mənəvi dəstəyi ifadə edərək hər kəs bölgəyə yollanmaq və xilasetmə əməliyyatlarında birbaşa iştirak etmək üçün həmrəy olub.

Dost dar gündə tanınır, deyib, babalarımız. Məhz qardaş Türkiyə üçün belə ağır dönəmdə xalqımız özünəxas həmrəylik, mərhəmət, xeyirxahlıq, sədaqət, humanizm kimi yüksək mənəvi dəyərləri bir daha nümayiş etdirdi, Azərbaycan və Türkiyə xalqlarının sarsılmaz dostluğu və qarşılıqlı sevgisinin möhkəmliyini və əbədiliyini isbat etdi.

Zəlzələdən əziyyət görmüş Türkiyə dövlətinin və xalqının ilk gündən yanında olan dövlətimiz bütün resurslarını səfərbər edib. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə xilasetmə qrupları və tibbi personal bölgəyə yola düşüb, onlar yüksək peşəkarlıq və ən əsası Türk xalqına qardaş məhəbbəti ilə fəaliyyət göstərirlər. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında bölgəyə humanitar yardım təyyarələri yola salınmaqdadır. Heydər Əliyev Fondu Mehriban xanımın tapşırığı ilə təbii fəlakətdən zərər çəkmiş insanlar üçün zəruri olan qızdırıcısı olan çadırlar, generatorlar, istilik radiatorları, çöl üçün qızdırıcılar, dizel yanacaqlı kaloriferlər, həmçinin axtarış-xilasetmə işlərinə dəstək məqsədi ilə ləvazimat və avadanlıqlar göndərir.

Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyədəki zəlzələdən zərər çəkənlərə humanitar yardımla bağlı müraciətində zəlzələ bölgəsində axtarış-xilasetmə işlərinə cəlb olunmuş xilasedicilərimizə, xəsarət alanların sağlamlığına qovuşması üçün əlindən gələni əsirgəməyən tibb işçilərimizə, faciədən zərər çəkmiş Azərbaycan vətəndaşlarının müəyyən edilməsi və təxliyəsi ilə məşğul olan diplomatik xidmət əməkdaşlarına, hadisələri yorulmadan işıqlandıran KİV nümayəndələrinə təşəkkürünü bildirdi.

“Ölkəmizdə başlanılmış yardım kampaniyasına qoşulan hər bir soydaşımıza, yerli şirkət və təşkilatlara, xüsusilə yardım toplama məntəqələrində gecə-gündüz var gücü ilə işləyən könüllülərə, polislərə, bir sözlə qardaş Türkiyə xalqının yanında olmağa çalışan hər kəsə minnətdaram! İnsansevərliyinizə, mərhəmətinizə və şəfqətinizə görə çox sağ olun! Azərbaycanlı olduğuma görə çox qürurluyam!”, - deyə Birinci vitse-prezident Mehriban Əliyeva vurğulayıb.

Yüksək mənəviyyat və humanizm ideallarına sadiqlik çoxəsrlik tariximizdən süzüb gələn xalqımıza xas ən ali keyfiyyətlərdir. Fəxr edirik ki, Birinci vitse-prezident Mehriban Əliyeva öz əməlləri ilə bu ali dəyərləri yaşadır və təlqin edir, məhz Mehriban xanımın nümunəsində xeyirxahlıq və insansevərlik kimi nəcib insani keyfiyyətləri özundə ehtiva edən ideallar cəmiyyətimizdə həyat prinsipinə çevrilib. Azərbaycan qadınına xas yüksək mənəvi keyfiyyətlər Mehriban xanımın vətənpərvərliyi işığında daha saf məzmun kəsb edir.

Bu ağır günlərdə hər birimizin qəlbi doğma Türkiyənin yanındadır. Əminik ki, güclü, qüdrətli Türk xalqı bu sınaqdan alnıaçıq çıxacaq. Türkiyə, səninləyik!

Sevil Mikayılova
Milli Məclisin deputatı

Məqalədə:
Xəbər lenti

Xəbər lenti