Bakı. Trend:
Azərbaycan və Türkmənistan arasında dərin tarixi köklərə, mənəvi və mədəni dəyərlərə söykənən ənənəvi dostluq və qardaşlıq münasibətləri mövcuddur.
Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Aşqabadda “Beynəlxalq sülh və etimad ili (2025)”, Beynəlxalq Neytrallıq Günü və Türkmənistanın daimi neytrallığının 30 illiyinə həsr olunan beynəlxalq forumun plenar iclasında deyib.
Baş nazirin sözlərinə görə, ikitərəfli münasibətlərimiz son illərdə dinamik inkişaf yolu keçib. İki ölkə liderləri arasında bu il baş tutmuş qarşılıqlı səfərlər və görüşlər ikitərəfli münasibətlərdə yeni səhifə açıb, onları strateji tərəfdaşlığın keyfiyyətcə yeni səviyyəsinə yüksəldib.
“Bu ilin iyul ayında Türkmənistanın Xalq Məsləhətinin sədri Qurbanqulu Məlikquluyeviçin Azərbaycana səfəri Azərbaycan–Türkmənistan münasibətlərinin inkişafına misilsiz töhfə verib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də cari ildə Türkmənistana işgüzar səfər edib və Azərbaycanın, Türkmənistanın və Özbəkistanın iştirakı ilə üçtərəfli yüksək səviyyəli görüşdə iştirak edib. Bu tədbir regional əməkdaşlığın genişləndirilməsi və çoxşaxəli qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi üçün mühüm platformaya çevrilib”, - deyə o qeyd edib.
