Bakı. Trend:
Yaxın zamanda Azərbaycan-Litva hökumətlərarası komissiyasının növbəti iclasının keçirilməsi planlaşdırılır.
Trend xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov fevralın 15-də Litva Dövlətinin Bərpa Gününün 105 illiyi münasibətilə keçirilən tədbirdə deyib.
Nazir müavini iki ölkənin iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsində qarşılıqlı marağı olduğunu, bu məqsədlə hökumətlərarası birgə komissiyanın iclaslarının mütəmadi olaraq keçirildiyini qeyd edib.
"Ümid edirik ki, ölkələrimiz arasında qurulan əlaqələr Aİ ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqların tezliklə başa çatdırılmasına yönəlmiş səylərə töhfə verəcək", - deyə X.Xələfov bildirib.