...

Eduard Filippin İrəvan "ağrı"sı: "Xaç atası" olmaq istədi, erməni nökərinə çevrildi

Siyasət Analytics 22 Fevral 2023 14:35 (UTC +04:00)
Eduard Filippin İrəvan "ağrı"sı: "Xaç atası" olmaq istədi, erməni nökərinə çevrildi
Elçin Alıoğlu
Elçin Alıoğlu
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın Havr şəhərinin meri, ölkənin sabiq baş naziri Eduar Filipp Ermənistandadır.

O, Gorus şəhərinə də baş çəkib və yerli ermənilərin sızlamalarından, deyəsən, o qədər riqqətə gəlib ki, absurd bəyanat verib: "Qarabağlı ermənilərlə görüşmək üçün buradayam. Fikrimcə, BMT Təhlükəsizlik Şurası Azərbaycanın həyata keçirdiyi drama son qoymaq üçün mütləq qətnamə qəbul etməlidir".

Fransanın dövlət başçısı Emmanuel Makronun yaxın dostlarından biri, 53 yaşlı Eduar Filippin "ermənidən artıq erməni olmaq" adlandıra biləcəyimiz, fransalı siyasətçilər və ictimai xadimlər arasında yayılmış mərəzə mübtəla olması artıq fakt sayıla bilər.

Halbuki, ilk baxışdan müsyö Filipp intellektdən və ən başlıcası, təcrübəli siyasətçi üçün labüd şərt sayılan reallıq hissindən xali insan deyil.

Beşinci Respublikanın sabiq baş naziri usta intriqandır. Çünki Havr şəhərinin meri postundan baş nazir kürsüsünə gedən yolda o, fransızların total çoxluğunun rəğbət bəslədiyi nüfuzlu siyasətçi, Bordo şəhərinin meri Alan Jüppeni arxada qoymağı bacarmış insandır.

Emmanuel Makron təki, Parisdəki nüfuzlu və elitar, Fransda "Sciences Po" kimi tanınan Siyasi Tədqiqatlar İnstitutunu (Institut d'études politiques de Paris) bitirmiş E.Filipp sonradan Makron kimi Milli İdarəetmə Məktəbini də başa vurub.

Məşhur siyasətçi Jülyen Karmonun "zahirən mərkəzçi, batinən isə hiyləgər intriqan və heç bir dəyəri dəyərli saymayan adam" adlandırdığı Filipp 12 il əvvəl Fransadakı erməni icmasının üç təşkilatı ilə "əməkdaşlığa" başlayıb.

Daha sonra isə o, Fransa Erməni Təşkilatlarının Koordinasiya Şurasının (Conseil de coordination des Organisations Arméniennes de France, CCAF) ən çox "ianə" ünvanladığı üç fransalı siyasətçidən birinə çevrildi.

Fransadakı ermənilərin "Nouvelles d'Armenie" qəzeti E.Filippi son 10 ildə 8 (!) dəfə "Ermənilərin ən yaxın dostlarından biri" elan edib.

Təəccüblü heç nə yoxdur: 2012-ci ilin mayın 12-dən bu ilin yanvar ayının 4-dək E.Filippin "siyasi fəaliyyətinə ictimai dəstək" məqsədilə ermənilər təqribən 5,2 milyon avro ianə ünvanlayıblar.

Həmin pulların böyük qisminin E.Filippin yaratdığı və başçılıq etdiyi "Üfüqlər" Partiyasının çoxsaylı bank hesablarına müxtəlif şirkətlərin və fiziki şəxslərin "könüllü ianələri" formasında yatırıldığı da iddia olunur.

Fransanın populyar TF1 telekanalının jurnalisti Lizoren Budul Azərbaycanla bağlı gerçəkləri reportajında əks etdirəndən sonra CCAF-ın həmsədri Frank Murad Papazyan media mənsubunu ölümlə hədələyəndə E.Filipp susmuşdu, olayla bağlı sualları cavablamaqdan yayınmışdı.

Daha sonra Fransanın AFP informasiya agentliyi və "Le Figaro" qəzeti ölkəmizin o dönəmdə Fransadakı səfiri Rəhman Mustafayevin müsahibəsini yaymaqdan imtina edəndə E.Filipp bu marazmatik qərarları "ədalətli və dürüst seçim" kimi dəyərləndirmişdi.

Bu, müsyö Filippin siyasi mövqeyi olsaydı, çətinliklə belə, anlaşılardı: nə etməli, siyasətçi reallıqları rədd edərək hallüsinasiyalara tutulub, bəlkə də şizofreniyaya mübtəladır.

Amma yenə də parisli ermənilərin dediklərinə görə, Eduar Filippin "ermənidən artıq erməni" olmaq istəyinin kökündə trivial tamah durur.

Daha dəqiq olsaq, Fransadakı ermənilərin "mərkəzləşdirilmiş pul kisəsi" hesab edilən "l'Union generale armenienne de bienfaisance"ın Filipp üçün şirnikləndirici vədləri və əməlləri.

Filippin tamahı bununla bitmir ki...

Ermənilərin ən zəngin diaspor təşkilatları sırasında yer almış "Armenian General Benevolent Union" (UGAB), "Armenian National Committee of France" (CDCA), "Armenian Youth Federation of France" (AYF) və "Nor Serount Cultural Association" ilə Eduar Filipp arasındakı rəsmi təmaslar və əlaqələrlə yanaşı, adıçəkilən qurumların bu siyasətçinin çoxsaylı hesablarına ünvanladıqları maliyyə vəsaitlərinin "kölgə həcmi" əlahiddə, ayrı araşdırma mövzusudur.

Onun "Liberation" qəzetindəki müəllif yazılarında daimi olaraq Ermənistanı və erməniləri dəstəkləməsi hətta Bordo şəhərinin merinin sabiq kabinet rəhbəri, iki kitabın yazılmasında həmmüəllif olduğu Jill Boyeni də təəccübləndirmişdi.

"L'Opinion" qəzeti hələ 2016-cı ildə Eduar Filippi "Ermənilik ideyasından çox uzaq olsa da, ermənilərə ən sürətlə yaxınlaşan siyasətçilərdən biri" kimi dəyərləndirəndə Havrın meri bunu "uğurlu, amma yersiz kompliment" saymışdı.

Stomatoloqlardan və köpək balıqlarından qorxan, "Xaç atası" filmini çox sevən və "xaç atası olmaq istəmişdim" arzusunu gizlətməyən, dirijor olmaq istəsə də, "istedadım olmadığından alınmadı" söyləyən Eduar Filipp indi ermənilərin dirijorluğu ilə primitiv operettada ariozo ifasına can atır.

Onun Ermənistana səfərinin əsas məqsədi "Laçın yolundakı blokada" ilə bağlı beynəlxalq kampaniyaya təkan verməkdir.

Amma nə edəsən ki, 53 yaşlı "ermənidən artıq erməni" müsyö Filipp elementar məntiqi işə salaraq aşkar gerçəkləri anlamaq istəmir.

O gerçəklər ki, hansı "blokada"dan söhbət gedir ki, Xankəndidəki marionet Ruben Vardanyan bu yolla İrəvana, oradan da Moskvaya yollanıb, geri qayıdır və ya "bağlı" yoldan son 73 gündə müxtəlif nəqliyyat vasitələrinin 6500-dən artıq keçidi qeydə alınıb.

... Eduar Filipp Gorusda olarkən erməni qadınların çörək bişirməsinə baxıb və sonra da fotonu sosial şəbəkələrdəki profillərində paylaşaraq "Çox dadlı erməni çörəyi" yazıb.

Goruslu erməni qadınlarsa Ermənistan mediasına narazılıq ediblər ki, E.Filipp çörəyin bişirilməsinə baxdı, amma bir tikə alıb yemədi.

Fransanın sabiq baş nazirinin siyasətçiliyi də belədir: anlamadığı, dərk etmədiyi məqamlardan bəhs etməyi çox sevir.

Və hər dəfə də musiqi müşayiəti yarıda kəsilmiş arena təlxəyini xatırladır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti