...

Siyasi oyuncağın acı sonluğu: qovulacaq Vardanyan Parisdən "imdad" dilədi

Siyasət Analytics 21 Fevral 2023 18:23 (UTC +04:00)
Elçin Alıoğlu
Elçin Alıoğlu
Bütün xəbərlər

Bakı. Trend:

"Ümid etmək istərdim ki, Azərbaycana başladığı prosesi bitirməyə imkan verməmək üçün Bakıya təzyiqlər güclənəcək". Xankəndidəki separatçı rejimin "dövlət naziri", marionet Ruben Vardanyan Fransanın "Le Spectacle du monde" jurnalına verdiyi müsahibəsində belə deyib. O, pərişan və naümid açıqlaması ilə vəzifəsindən kənarlaşdırılmasının, İrəvanın onu yeni geosiyasi reallıqların şərtlərinə "qurban" verməsini faktiki orlaraq təsdiqləyib.

Trend-in bu gün yazdığı və proqnozlaşdırdığı kimi, Ermənistanın baş naziri Nikol Paşinyan Xankəndidəki rejimin "Vardanyan siması"nın, əslində, simasızlıq və ən başlıcası, qarabağlı ermənilərin gələcək perspektivləri üçün çox böyük təhlükə olduğunu anlayıb.

Rəsmi İrəvan gec də olsa, onu da dərk edib ki, Ruben Vardanyan öz-özlüyündə yetərli siyasi çəkiyə və nüfuza malik olmayan şəxs, siyasi mikrob olsa da, Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanması trekində ən ciddi maneələrdən biridir.

Xatırladaq ki, 59-cu Münxen Təhlükəsizlik Konfransında Azərbaycanın dövlət başçısı İlham Əliyev demişdi: "Biz Qarabağdakı erməni icmasının nümayəndələri ilə praktiki təmaslara başlamağa hazırıq. Bu gün Dövlət katibi Blinkenin qarşısında mən Ermənistandan olan həmkarıma bu barədə dedim. Lakin biz bunu o zaman edə bilərik ki, Rusiya vətəndaşı, cinayətkar oliqarx, Avropada çirkli pulların yuyulmasında əli olan şəxs - Vardanyan bizim ərazimizi tərk etsin".

Bu mesajın açması sadədir: danışıqlar prosesi artıq iki konkret istiqamətə bölünüb: "Qarabağın statusu" kimi absurd və olmayan sillogizmsiz Azərbaycan-Ermənistan problematikasının müzakirəsi, yekun sülh müqaviləsinin imzalanması üçün konkret addımların nəzərdən keçirilməsi ilə qarabağlı ermənilərin bundan sonrakı taleyini müəyyənləşdirmək üçün Bakı ilə Xankəndi arasında Azərbaycanın daxili siyasi müstəsivisindəki məsələ qismində danışıqların aparılması.

Belə situasiyada Ruben Vardanyanın Xankəndidə mövcudluğu həm yerli ermənilər, həm Ermənistan, həm də Rusiya üçün çox ciddi problemlər yaratmağa davam edəcəkdi.

Daha pisi, həmin problemlər ermənilər üçün dəfələrlə ağırlaşacaqdı.

... "Dövlət naziri vəzifəsini tutmaq barədə təklif almışam. Lakin hələ yekun qərar verməmişəm".

Xankəndidəki separatçı rejimin "baş prokuroru" Qurgen Nersesyan bu gün belə açıqlama ilə çıxış edib.

Ermənistan rəsmiləri və habelə, Xankəndidəki separatçı rejimin mənsubları guya "hakimiyyət konstruksiyasında yenilənmələrin olacağını" deyirlər.

Məsələn, Araik Arutyunyan dünən bəyan edib ki, sən demə, Xankəndidəki marionet "hakimiyyət"də yeni struktur - "Müşavirə Şurası" yaradılır.

"Bu Şuraya bütün rayonların nümayəndələri cəlb ediləcək. Şura daxili siyasətlə yanaşı, xarici siyasətlə bağlı məsələlərlə bağlı yekun, son qərar vermək səlahiyyətlərinə malik olacaq", - A.Arutyunyan demişdi.

Yəni Arutyanyan kreaturası olduğu şəxsin - Ermənistanın baş naziri Nikol Paşinyanın aylardan bəri R.Vardanyana qarşı apardığı kuluar mübarizəsinin məntiqi sonluğu kimi "dövlət naziri"nin səlahiyyətlərinin əhəmiyyətli hissəsinin şübhə altına alacaq Şuranı yaratmaqla həm də Vardanyanı praktiki qərar qəbulu prosesindən kənarlaşdırmasa da, çox zəif duruma salırdı.

"Yekun, son qərar" ifadəsi, əslində, Ruben Vardanyanın səlahiyyətlərinin tam əksəriyyətinin məcmusunu təşkil edən "dövlət nazirinin funksiyaları toplusu"ndan məhrum edilməsidir.

Bir qədər də sadə desək, Araik Arutyunyan, əslində, dünən Ruben Vardanyana dəniz quldurlarının lüğətindəki "qara nişan"ı yollamışdı.

R.Vardanyan isə "Le Spectacle du monde"yə müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyevi özünün primitiv aləmində "tənqid" edir, rəsmi Parisdən "imdad" diləyərək Bakıya qarşı "sərt cəza sanksiyaları"nın tətbiq edilməsini istəyir.

O, Fransanı Azərbaycandan təbii qaz almamağa çağırır.

Fəqət, belə idiotizmə varan Vardanyan bilmir ki, Fransanın təbii qaz idxalında Azərbaycanın "mavi yanacağı"nın toplam payı 1 faizdən artıq deyil.

Yəni Bakı Fransaya qaz satmaqda maraqlı deyil və hətta Yelisey Sarayı marazmatik "sanksiya"lar tətbiq etsə belə, itkiləri mikroskopik olacaq.

Ruben Vardanyan fransalı jurnalist Antuan Kolonna faktiki olaraq yalvararaq "səsimi Parisə çatdırın" deyir və dolayısı ilə etiraf edir ki, Fransanın bütün səylərinə, İrəvanın bütün cəhdlərinə rəğmən, Cənubi Qafqazdakı yeni reallıqların formalaşdırdığı situasiyada son söz sahibi məhz Bakıdır.

Paris belə yalvarışlara həmişə kar olub: marionet funksiyalarını yerinə yetirmirsə, kənara atılır. Kruazet bulvarındakı yolkənarı ağacların dibində belə sınıq kuklalara tez-tez rast gəlmək olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti