Bakı. Trend:
Rusiya Xarici İşlər Nazirliyi özünü "xarici işlər naziri" kimi təqdim edən erməni separatçı Sergey Qazaryanın Moskvaya səfəri ilə bağlı saxta məlumatları ifşa edib.
"Sergey Qazaryan Rusiya Federasiyasının ərazisində şəxsi məqsədlər üçün olub. Onun hər hansı görüş keçirməsi ilə bağlı məndə məlumat yoxdur. Heç bir rəsmi statusdan söhbət getmir və gedə bilməz", - Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova həftəlik brifinq zamanı bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Ermənistan KİV-i Qazaryanın guya fevralın 12-16-da Moskvaya işgüzar səfər etdiyi, ictimai, siyasi, ekspert dairələri və erməni ictimaiyyətinin nümayəndələri ilə görüşlər keçirdiyi barədə məlumat yayıb.