Bakı. Trend:
Qərbi azərbaycanlıların həmin ərazilərə qayıtması könüllüdür və onların həmin ərazilərə qayıdanda təhlükəsizlik və sosial-iqtisadi təminatı yerinə yetirilməlidir. Ermənistan bu məsələləri könüllü olaraq üzərinə götürməli və həll etməlidir.
Trend-in məlumatına görə, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov Milli Məclisin İnsan hüquqları komitəsinin təşkilatçılığı ilə Milli Məclisdə keçirilən “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda ictimai dinləmədə deyib.
Nazir müavini əlavə edib ki, Qərbi Azərbaycan məsələsi Ermənistan və Azərbaycan arasında sülh gündəliyinin tərkib hissələrindən biri olmalıdır.
“Qərbi azərbaycanlıların qayıdışı məsələsinə təbliğat kontekstindən baxılmasına yol vemrək olmaz, buna ciddi, milli və dövləti mövqedən yanaşmaq lazımdır. Müəyyən hüquqi aspektlərə diqqət yetirməliyik. Qərbi Azərbaycan İcmasının atdığı addımlar, dövlətimizin qurumlarının bu prosesə verdiyi dəstək müəyyən qanunlar, siyasi və hüquqi mexanizmlər çərçivəsində həyata keçirilməlidir ki, milli hədəfimizə nail ola bilək”, - deyə nazir müavini əlavə edib.