...

Qaçqınların inteqrasiyası məsələsində ksenofobiya ilə mübarizə vacibdir - Muhamməd Abdulsalam

Siyasət Materials 10 Mart 2023 14:03 (UTC +04:00)
Qaçqınların inteqrasiyası məsələsində ksenofobiya ilə mübarizə vacibdir - Muhamməd Abdulsalam
Emin Sevdimalıyev
Emin Sevdimalıyev
Bütün xəbərlər

Bakı. Trend:

Qaçqınların üzləşdiyi ksenofobiya təzahürü aradan qaldırılmalı və bu arzuolunmaz hallarla mübarizə davam etdirilməlidir.

Trend-in məlumatına görə, bu barədə Müsəlman Ağsaqqallar Şurasının baş katibi Muhamməd Abdulsalam X Qlobal Bakı Forumu çərçivəsində panel iclasında deyib.

O, miqrasiya məsələlərində ikili standartların olduğunu qeyd edib və misal olaraq dünyanın digər yerlərində ərəblərə qarşı qərəzli münasibəti göstərib. İkili standartlardan danışan Muhamməd Abdulsalam qaçqınların üzləşdikləri ksenofobiya faktorunun onların sonrakı inteqrasiyasına mənfi təsir göstərdiyini qeyd edib.

M.Abdulsalam həmçinin miqrantları və qaçqınları qəbul edən ölkələrdə inteqrasiya məsələlərində ölkələrin və beynəlxalq təşkilatların əməkdaşlığının vacibliyini vurğulayıb. Baş katibin sözlərinə görə, bu istiqamətdə aparılan böyük işlərə baxmayaraq, vəziyyət idealdan uzaq olaraq qalmaqdadır.

Müsəlman Ağsaqqallar Şurasının baş katibi qanunsuz miqrasiya haqqında müzakirələrin adətən müasir dünyanın reallıqlarına və qaçqınların üzləşdikləri problemlərə dair anlayışları əhatə etmədiyini vurğulayıb.

Martın 11-dək davam edəcək Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulacaq, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılacaq. Həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularından olacaq. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşəcək, populizmin və ekstremizmin mənbəyini araşdıracaq, ona qarşı səmərəli mübarizə yollarını müəyyənləşdirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti