Bakı. Trend:
Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər.
Prezident İlham Əliyevin bəyanatı
-Hörmətli Kasım-Jomart Kemeleviç.
Əziz dostlar.
Mən, ilk növbədə, qonaqpərvərliyə və dəvətə görə Qazaxıstan Prezidentinə təşəkkürümü bildirmək istərdim. Mən Qazaxıstanda özümü evdə olduğum kimi hiss edirəm, burada tez-tez oluram. İlk növbədə, Qazaxıstan Prezidentini həyatın bütün sahələrini əhatə edən islahatların uğurla reallaşdırılması münasibətilə təbrik etmək və qardaş ölkənin inkişafı işində yeni uğurlar arzulamaq istərdim.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə hörmətə görə öz adımdan və bütün Azərbaycan xalqı adından təşəkkürümü bildirmək istərdim. Prezident Tokayevin qeyd etdiyi kimi, bu gün biz Astananın mərkəzində Heydər Əliyevin adını daşıyacaq küçənin birgə açılışını edəcəyik. Biz bunu həm bizim Ulu Öndərin xatirəsinə, həm də bütün Azərbaycan xalqına hörmətin, dostluğun, qardaşlığın əlaməti kimi qiymətləndiririk.
Mən, həmçinin Qazaxıstan Prezidentinin işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması təşəbbüsünə görə təşəkkürümü bildirmək istərdim. Mərkəzin tikintisi artıq başlanıb. Bu, Qazaxıstanın Azərbaycana hədiyyəsidir, Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq. Xüsusən indi - biz 30 illik işğaldan sonra 10 min kvadratkilometrdən artıq ərazinin praktiki olaraq sıfırdan başlayaraq bərpa etməli olduğumuz vaxtda.
Kasım-Jomart Kemeliviçin dediyi kimi, biz bu gün münasibətlərimizin geniş gündəliyini ətraflı müzakirə etdik. Qazaxıstan Prezidenti bu gün müzakirələr çərçivəsində toxunulmuş mövzular üzərində ətraflı dayandı. Təkrarlamaq istəmirəm, bu barədə yalnız bir neçə məqamı şərh etmək istərdim. Biz həqiqətən ölkələrimiz arasında çoxşaxəli əməkdaşlığı dərinləşdirmək və genişləndirmək əzmindəyik.
Keçən ilin avqust ayında Qazaxıstan Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı Müttəfiqlik qarşılıqlı əlaqələrinin və strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi haqqında Bəyannamə imzalandı. Bugünkü Bəyannamə də əlaqələrimizin və müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə yönəlib. Bu bəyannamələrin adlarının özü bizim münasibətlərimizin xarakterinə dəlalət edir. Bu, müttəfiqlər arasında münasibətlərdir. Təbii ki, bunun əsasını ölkələrimizin qardaş xalqları arasında çoxəsrlik tarixə malik olan qarşılıqlı əlaqələr, dostluq və əməkdaşlıq təşkil edir. Bu, bugünkü qarşılıqlı əlaqələrimizin əsas bazasıdır. Qazaxıstan ilə qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyati zərurətdir. Çünki Xəzər regionunda, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda baş verən proseslər bizə regional təhlükəsizliklə bağlı məsələlərdən başlamış nəqliyyat, logistika, energetika, humanitar əməkdaşlıq, ekologiya ilə bağlı məsələlərə qədər bütün istiqamətlər üzrə əməkdaşlığı möhkəmlətməyi diktə edir. Xüsusən ona görə ki, təəssüflər olsun, Xəzərin həm sizə, həm də bizə aid olan sahillərində dənizin sürətlə dayazlaşmasını müşahidə edirik.
Beləliklə, ölkələrimiz arasında müttəfiqlik münasibətləri bizim qarşılıqlı fəaliyyətimizin gələcək inkişafının möhkəm təməlidir. Bu gün biz bu təməli konkret məzmunla zənginləşdiririk və ötən ilin avqust ayında Bakıda qəbul edilmiş qərarlar bu gün artıq reallaşır. O cümlədən, Prezident Tokayevin qeyd etdiyi kimi, Qazaxıstan neftinin Azərbaycandan keçməklə tranzitinin başlanması, Orta Dəhlizin imkanlarını tam həcmdə səfərbər etmək üçün ölkələrimizin nəqliyyat-logistika infrastrukturlarının birləşdirilməsi üzrə ciddi işin başlanması barədə qərarlar.
Bu gün biz Şərq-Qərb marşrutu üzrə yükdaşımaların artırılması ilə bağlı konkret rəqəmləri, konkret qrafiki müzakirə etdik və bütün bu məsələlərin ən yaxın vaxtda öyrənilməsi üçün müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verdik.
Biz həm də sənaye kooperasiyası, ixrac-idxal əməliyyatlarının nomenklaturunun genişləndirilməsi ilə bağlı məsələləri, o cümlədən gələcəkdə ixrac-idxal potensialının reallaşdırılması üçün sifarişlərin yerləşdirilməsi məsələlərini fəal müzakirə etdik. Təbii ki, biz bir-birimizin infrastrukturunu, bir-birimizin sənaye potensialını bir-birimizə tədarük edə biləcəyimiz mallar hesabına tamamlamalıyıq, beləliklə, əmtəə dövriyyəsini artırmalıyıq. Bu gün bizim ortamüddətli perspektivli əmtəə dövriyyəsini milyard dollara çatdırmaq barədə rəqəmlər səsləndi. Mən hesab edirəm ki, xüsusən bizim əldə etdiyimiz razılaşmalar çərçivəsində, bu, tamamilə realdır. Fikrimcə, biz bu həddə kifayət qədər qısa müddətdə çatacağıq. Əsas odur ki, əməkdaşlığı möhkəmlətmək üçün çox müsbət ortaq əhvali-ruhiyyə var.
Onu da qeyd etmək istərdim ki, biz beynəlxalq təşkilatlar çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayırıq, bütün məsələlərə dair bir-birimizi həmişə dəstəkləyirik və dəstəkləyəcəyik. Biz həm də, xüsusən ölkələrimizdən birinin üzv olduğu təşkilatlarda bir-birimizi dəstəkləyəcəyik. Bu, uzun illər boyu bizim münasibətlərin səmimi xarakterini nümayiş etdirir.
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması məsələsində Qazaxıstanın mövqeyinə görə Prezident Tokayevə təşəkkür edirəm. Mən normallaşmaya dair danışıqlar prosesinin indiki statusu barədə həmkarıma məlumat vermişəm. Biz normallaşma əzmindəyik və İkinci Qarabağ müharibəsi başa çatandan sonra məhz Azərbaycan sülh müqaviləsi üzərində işə başlamağı təklif etdi. Praktiki olaraq bu iş başlanıb, amma bizim istədiyimiz kimi rəvan getmir. Lakin bunun alternativi yoxdur. Hətta 30 illik işğala və Azərbaycan xalqının məruz qaldığı məhrumiyyətlərə, hazırda bərpa etməli olduğumuz dağıntılara baxmayaraq, qonşular arasında münasibətlər normal olmalıdır. Bununla belə, biz gələcəyə baxırıq və hesab edirik ki, suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, BMT-nin Nizamnaməsi, beynəlxalq hüququn bütün əsas normaları və prinsipləri əsasında sülh müqaviləsinə nail olmaq mümkündür, bu müqavilə çoxillik düşmənçilik səhifəsini çevirəcək.
Əlbəttə, Qazaxıstanın məhz bizim regionda sülhün bərqərar olunmasına yönəlmiş prinsipial mövqeyi böyük hörmətə layiqdir. Qazaxıstanın beynəlxalq arenada nüfuzunu, ən mühüm qlobal məsələlərə dair ölçülüb-biçilmiş, prinsipial mövqeyini xüsusi qeyd etmək istərdim. Biz artıq beynəlxalq təhlükəsizliklə bağlı məsələlərə dair fikir mübadiləsi aparmışıq və bu gün hələ bu barədə diskussiyaları davam etdirəcəyik. Bu məsələlər daimi diqqət, prinsipial, dəqiq və ölçülüb-biçilmiş mövqe tələb edir. Bu halda qazaxıstanlı qardaşlarımızı təbrik etmək istərdim ki, ölkənin beynəlxalq arenada nüfuzu artır və Qazaxıstan haqlı olaraq dünya birliyinin böyük hörmətini qazanıb.
Öz tərəfimdən bir daha demək istərdim ki, Azərbaycanda sizin qardaşlarınız yaşayır, onlar sizə çox hörmət edir, sizi qiymətləndirirlər. Qazaxıstanın bizə münasibətdə əvvəllər də, bu gün də nümayiş etdirdiyi həmrəyliyə görə sizə çox təşəkkür edirik. Biz də öz tərəfimizdən qardaş Qazaxıstan xalqına həqiqi qardaşlıq hisslərini və münasibəti göstərmək üçün nə mümkündürsə edəcəyik.
Hörmətli Kasım-Jomart Kemeleviç, qonaqpərvərliyə, dəvətə görə bir daha təşəkkür edirəm və fürsətdən istifadə edib Sizi yenidən, Sizin üçün münasib vaxta Azərbaycana səfərə dəvət etmək istəyirəm.