...

Erməni korpus komandirinin təxribat yerində olması göstərir ki, təhrikçi addımlar onların əmri ilə atılıb - XİN rəhbəri

Siyasət Materials 12 Aprel 2023 12:59 (UTC +04:00)
Erməni korpus komandirinin təxribat yerində olması göstərir ki, təhrikçi addımlar onların əmri ilə atılıb - XİN rəhbəri
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İlkin rəylərə əsasən deyə bilərik ki, Laçın istiqamətində Ermənistan tərəfindən törədilmiş dünənki təxribat planlaşdırılmış idi.

Trend-in məlumatına görə, bu barədə bu gün Bakıda xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

"Ermənistan belə məsuliyyətsiz təhlükəli addımlardan çəkinməlidir. Çünki bunun nəticələri çox ağır ola bilər, necə ki, dünən oldu.

Həmin ərazidə təxribat baş verən zaman Ermənistan xüsusi təyinatlı korpusunun komandirinin və onun müavininin orada olması o deməkdir ki, təhrikçi addımlar onların əmri ilə həyata keçirilib. Bu hansısa adi hərbçinin fəaliyyəti ola bilməz", - nazir bildirib.

C.Bayramov deyib ki, bu bir daha onu göstərir ki, bunun arxasında düşünülmüş hansısa plan var idi:

"Bu hadisələr olan ərazilərdə bərpa quruculuq işləri gedir. Məhz həmin ərazilərə yaxın bir yerdə belə bir təxribatın törədilməsi məcburi köçkünlərimizin bu ərazilərə qayıtmasına mane olmaq istiqamətində atılan addım kimi qəbul edilə bilər", - XİN rəhbəri əlavə edib.

Xatırladaq ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub. Ermənistan tərəfinin növbəti təxribatı zamanı baş vermiş məlum hadisələr ilə əlaqədar olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanılaraq təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti