...

Saziş yaxınlaşır: İrəvana təzyiq edilir, Bakı dilə tutulur

Siyasət Analytics 10 May 2023 12:20 (UTC +04:00)
Saziş yaxınlaşır: İrəvana təzyiq edilir, Bakı dilə tutulur
Elçin Alıoğlu
Elçin Alıoğlu
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Cənubi Qafqazda stabiliyin bərqəra olması, ən başlıcası isə Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanması üçün aktiv fəaliyyətini davam etdirir.

Aİ-nin bununla bağlı yaydığı bəyanatda vurğulanır: "Azərbaycan və Ermənistanın liderləri mayın 14-də Brüsseldə yenidən üçtərəfli görüşdə bir araya gəlməklə bağlı razılaşıblar. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makron və Almaniyanın kansleri Olaf Şoltsla Avropa İttifaqının iyunun 1-də Kişinyovda keçiriləcək sammitində də görüşərək danışıqlar aparacaqlar. Azərbaycan və Ermənistan liderləri Brüsseldə üçtərəfli görüşləri davam etdirməklə bağlı da razılaşıblar, çünki bu, mövcud prosesləri və Brüssel görüşlərinin gündəminin daimi müddəalarını müzakirəsi üçün vacibdir", - bəyanatda deyilir.

Şarl Mişel bildirib ki, Azərbaycan, Ermənistan, Fransa və Almaniyanın liderlərinin bu ilin oktyabrında Avropa İttifaqının Qranada keçiriləcək sammitndə də bir araya gəlmələrinə çalışacaq.

Təbii ki, rəsmi və qısa bəyanat Aİ-nin Cənubi Qafqazla bağlı geostrateji planları ilə niyyətlərini tam açıqlaya bilməsə də, bir sıra məqamlap deklarativ və üstüörtlü olsa da, vurğulanıb.

Şarl Mişelin imzaladığı bəyanatın iki əsas məqamı var:

1. Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanması prosesini və sonucu Avropa İttifaqı heç bir vəhlə nə ABŞ, nə də Rusiyanın inhisarına vermək niyyətində deyil.

2. Fransa Prezidenti Emmanuel Makronun "əsas sülhyaradıcı, moderator və vasitəçi" missiyasının daşıyıcı qismində tanınmaq üçün bütün vasitələri işə salmasına rəğmən, Aİ hadisələrin belə gedişatı ilə razı deyil: Almaniya kansleri Olaf Şoltsun dövriyyəyə girməsi də bununla bağlıdır.

44 günlük İkinci Qarabağ Müharibəsi başa çatandan sonra 2020-ci ilin noyabrın 10-da Azərbaycan, Rusiya Federasiyası və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanat bölgədə stabilliyin bərqərar olması istiqamətində ilk, əhəmiyyətli addım oldu.

Rusiyanın əsas vasitəçi, moderator kimi çıxış edərək "müharibəni dayandıran ölkə" kimi tanınmaq cəhdlərində təbii ki, Moskvanın geosiyasi məqsədləri vardı. Onların arasında ən başlıcası Ermənistan üzərində təsir rıçaqlarını itirməmək, Cənubi Qafqaz bölgəsində qalmaq və bölgədə yeni geosiyasi reallıqlar formalaşdıraraq regional supergücə çevrilmiş Azərbaycanla münasibətləri keyfiyyətcə yeni mərhələyə çevirmək idi.

Rusiya ilə münasibətlərin yüksələn xətlə inkişaf etdirmək, əməkdaşlıqla tərəfdaşlığı ən müxtəlif sahələrdə intensivləşdirmək Azərbaycanın maraqlarına da tam cavab verdiyindən Bakı-Moskva təmasları daha da sürətlənəcək.

Bununla belə, Azərbaycan milli maraqlarını və dövlət mənafeyi olan məsələlərdə kimsəyə güzəştə getmək, hansısa böyük gücün və ya təşkilatın göstərişi ilə davranmaq niyyətində olmayıb, olmayacaq da. Müstəqil xarici siyasər yürüdən Azərbaycan bölgədə maraqlı olan ölkələrlə şaquli yox, üfüqi münasibətlərə üstünlük verir. Doktrinamızda istisna yalnız münasibətlərimizin "bir millət, iki dövlət" prinsipinə əsaslandığı Türkiyə üçündür. Strateji müttəfiqlər, dostlar və tərəfdaşlarla əlaqələr isə təbii, daha fərqli müstəvilərdədədir.

Avropa İttifaqı 44 günlük İkinci Qarabağ Müharibədən sonra bölgədəki proseslərə deklarativ yox, real təsir imkanları ilə rıçaqlarına yiyələnməyə çalışdığından fəallığını son vaxtlar daha da sürətləndirib. Xüsusilə də Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanması istiqamətindəki proseslərdə ABŞ-ın üstünlüyü ələ almağa çalışması, Azərbaycan və Ermənistanın XİN başçıları Ceyhun Bayramovla Ararat Mirzoyanın Vaşinqtonda Birləşmiş Ştatların dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə bir neçə gün davam etmiş mürəkkəb danışıqları amerikalıların planlarını aşkar büruzə verir.

Rusiya Federasiyası da bunu görür və Üçtərəfli Bəyanatın "qurucusu" qismində əsas vasitəçi rolunu itirmək istəməyərək baş moderator funksiyalarını qorumağa can atır. Vaşinqtondakı Bayramov-Mirzoyan müzakirələrinin davamı kimi Moskva görüşünün təşkil edilməsi barədə bəyanat Kremlin Cənubi Qafqaz uğrunda geosiyasi mübarizədən əsla geri çəkilmək niyyətində olmadığını göstərir.

İkinci əsas məqam, qeyd etdiyimiz kimi, Fransa Prezidenti Emmanuel Makronun bölgədəki proseslərə birbaşa təsir vasitələrinə sahiblənərək Bakı və İrəvan arasında vasitəçilik etmək, bu minvalla da Fransada keçiriləcək seçkilər ərəfəsində dividentlər əldə etmək niyyətidir.

Makron administrasiyasının xarici siyasətinin sürəkli uğursuzluqlara düçar olması, Fransanın beynəlxalq arenada çəki və nüfuzunu itirməkdə olduğunu fransızlar arasında bəlkə də ən tənbəli indi şərh edərək şikayətlənmir.

Makron da uğursuzluqlar zolağından qurtulmaq və xarici siyasətdə real irəliləyişə nail olduğunu göstərmək üçün nəyin bahasına olursa-olsun Cənubi Qafqaz trekində ciddi rola üstələnməyə can atır.

Bu ona həm də seçki ərəfəsində elektoral problemləri həll etmək üçün gərəkdir: Fransadakı erməni icmasındakı təqribən 284 min seçicinin səsini almaq, yerli erməniləri öz tərəfinə çəkmək üçün Emmanuel Makronla yanaşı, Fransa Senatının, siyasi isteblişmentinin, senatorların və deputatların "ermənidən artıq erməni" kimi görünmək təki marazmatik səyləri də məhz bununla bağlıdır.

284 min erməni seçicinin seçimi Fransada hakimiyyət uğrunda mübarizə aparan siyasi qüvvələrlə partiyaların hamısı üçün önəmlidir. Buna görə Fransa parlamentindəki fraksiyaların hamısı (!) indi qəfil "ermənipərəstlik mərəzi"nə tutularaq Ermənistanı və erməniləri isterik müdafiə edir, dəstəkləyirlər.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel bunu bilir və anlayır ki, Emmnauel Makronun cəhdləri Ermənistanda ekstatik məmnunluq hissi ilə qarşılanırsa, rəsmi Bakıda haqlı hiddət və qıcıq yaradır. Hətta Bakının hissləri qəzəb astanasındadır.

Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanmasına aparan yolda Brüssel görüşlərinin real və effektiv platforma formatını alması üçün Şarl Mişel məcburi addımlar ataraq Emmanuel Makronun çılğınlığını məhdudlaşdırmaq zərurəti ilə qarşılaşıb.

Almaniya kansleri Olaf Şoltsun da müzakirələrə "kənar, amma fəal müşahidəçi-mühavir" qismində cəlb olunmasının səbəbi Makronun müdaxilə cəhdlərinin dezavuasiyasıdır.

Mişel əla bilir ki, Ermənistan müzakirələrə Makronun da qatılmasını istəyir, Bakı isə Makron olarsa, ümumiyyətlə, müzakirələrdə iştirak etməyəcəyini deyil. Bəhs etdiyimiz vəsilədən Şarl Mişel indi E.Makronu müzakirələrin kənar çevrəsinə çıxararaq onu Olaf Şolstla "Aİ-nin iki ən böyük ölkəsinin rəhbərlərinin iştirakı" formatında iştiraka vadar edir.

Cənubi Qafqaz bölgəsində onillərdən bəri gözlənilən sülhlə stabilliyin bərqarar olması, regional nəqliyyat və infrastruktur kommunikasiyalarının bərpası, yeni marşrutların işə salınması, təhlükəsizlik təminatı məsələlərinin həlli, ən nəhayət Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanması ABŞ, Rusiya və Avropa İttifaqının maraqlarına tam cavab verir. Daha doğrusu, sadalanan məsələlər üç böyük gücün strateji hədəfləridir.

Lakin hədəflərə çatmaq və məqsədləri reallaşdırmaq istiqamətindəki yolda tərəflərdən hər biri tam müstəqil, tək hərəkət etmək istəyir, rəqabətə və ya tərəfdaşlığa tolerant davranış nümayiş etdirmir.

Regional oyunçular olan Türkiyə və İranı da unutmayaq: Ankara ilə Tehranın Cənubi Qafqazdakı proseslərlə bağlı, xüsusilə perspektiv gəlişmələrə münasibətdə mövqeləri tam fərqli, hətta əksdir. Belə olan təqdirdə Şarl Mişel rəqibləri qabaqlayaraq finiş xəttinə hamıdan tez çatmaq istəyir.

Sürət həmişə gözlənilən nəticəni vermir, danışıqlarla təmasların kəmiyyəti keyfiyyətə dəlalət etmir.

Şarl Mişeli çətin missiyanın mürəkkəb çözüm zərurəti gözləyir.

Ən azı o, Ermənistanın baş naziri Nikol Paşinyanı siyasi buffonadalıqdan əl çəkərək ciddi davranmağa çağırmalıdır.

Bacaracaqmı?

Məqalədə:
Xəbər lenti

Xəbər lenti