...

Ukrayna postmünaqişə dövründə bərpa işlərində Azərbaycanla əməkdaşlığı genişləndirməyə can atır - Nazir müavini

Siyasət Materials 29 May 2023 17:17 (UTC +04:00)
Ukrayna postmünaqişə dövründə bərpa işlərində Azərbaycanla əməkdaşlığı genişləndirməyə can atır - Nazir müavini

Leypsiq. Trend:

Ukrayna postmünaqişə dövründə bərpa işlərində Azərbaycanla əməkdaşlığı genişləndirməyə can atır.

Bunu Trend-ə Ukraynanın icmaların, ərazilərin və infrastrukturun inkişafı nazirinin müavini Sergey Derkaç Beynəlxalq Nəqliyyat Forumunun illik sammitinin kuluarlarında deyib.

O qeyd edib ki, bu nöqteyi-nəzərdən Ukrayna Azərbaycanın Nəqliyyat Nazirliyi ilə müxtəlif istiqamətlərdə əməkdaşlıq edir.

"Biz son zamanlarda tranzit icazələri ilə əlaqədar məsələlər üzrə əməkdaşlıq edirik. Artıq azərbaycanlı həmkarlarımızdan Ukraynaya bu icazələrin verilməsi ilə bağlı cavab almışıq", - o deyib.

Nazir müavini əlavə edib ki, bu tranzit məhdudiyyətləri ən azından müharibə davam etdiyi müddətdə tam aradan qaldırılarsa, Ukrayna məmnun olar: "Bütünlükdə Ukrayna Azərbaycanla əməkdaşlığın istənilən növünü yaxşılaşdırmağın üzərində çalışacaq".

Qeyd edək ki, 24-26 may 2023-cü il tarixləri ərzində Almaniyanın Leypsiq şəhərində Böyük Britaniyanın sədrliyi ilə dayanıqlı iqtisadiyyata imkan yaradan nəqliyyat üzrə ITF sammiti keçirilib. İştirakçılar nəqliyyatın eyni zamanda ekoloji və sosial dayanıqlılığa şərait yaratmaqla iqtisadi artıma necə imkan yarada biləcəyini müzakirə edib və fikir mübadiləsi aparıblar.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti