...

Azərbaycan xalqı 28 May - Müstəqillik Gününü ikiqat bayram etdi - Rauf Əliyev

Siyasət Materials 31 May 2023 08:51 (UTC +04:00)
Azərbaycan xalqı 28 May - Müstəqillik Gününü ikiqat bayram etdi - Rauf Əliyev

Bakı. Trend:

Azərbaycan xalqı 28 May-Müstəqillik Gününü ikiqat bayram etdi. Bu tarixdə laçınlılar Laçın şəhərinə qayıtdılar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Laçına səfərinin məhz 28 may günündə baş tutması rəmzi məna daşıyırdı. “Çünki məhz elə may ayında Laçın işğal olunmuşdu və məhz may ayında da laçınlılar 31 il həsrətdən sonra Laçına qayıtdılar. 28 May Azərbaycan xalqı üçün ikiqat bayram oldu. Cənab Prezident mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşü zamanı bir çox mühüm məsələlərə toxunmuşdur. Qeyd olunmuşdur ki, cəmi 7-8 ay ərzində Laçının böyük hissəsi tamamilə yenidən qurulub. İlk 20 ailə artıq Laçında yerləşibdir və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Birinci mərhələdə Laçında 4 minə yaxın insan məskunlasaçaqdır. Laçın şəhərinin Baş planı hazırlanıb. Bütövlükdə Laçında 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıbdır. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər.

Cənab Prezident öz çıxışında Laçının ermənilərə təhvil verilməsinin arxasında AXC-Müsavat cütlüyünün məkrli siyasi niyyətlərlərinin olduğunu bildirərək qeyd etmişdir ki , bu cütlüy hakimiyyəti istənilən yollarla ələ keçirmək üçün ən çirkin əməllərə də əl atdı, Şuşanı, Laçını demək olar ki, düşmənə təhvil verdi. 1993-cü ilin aprel ayında Kəlbəcər işğal altına düşdü, hakimiyyətə can atmış və hakimiyyəti zəbt etmiş o qüvvələrin xəyanəti nəticəsində.

Dövlət Başçımız cari ilin aprel ayında Azərbaycan Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsinin qurulmasının strateji əhəmiyyət daşıdığını bildirərək bununla Azərbaycanın öz ərazi bütövlüyüvü tam bərpa etdiyini bildirdi. Sərhəd-buraxılış məntəqəsi son məntəqə idi ki, Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə və əks istiqamətə oradan nəzarətsiz hərəkət var idi. Hərəkət indi də var, amma tam nəzarət altındadır.

Cənab Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin Azərbaycanın öz müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında tarixi rol oynadığını bildirərək qeyd etmişdir ki, Ulu Öndərin Azərbaycan rəhbərliyinə gəlməsindən sonra Azərbaycan ayağa qalxa bildi, Azərbaycan inkişaf yoluna qədəm qoya bildi, vətəndaş müharibəsinə son qoyuldu. 1993-cü ilin oktyabr ayından Ulu Öndər prezident vəzifəsinə seçiləndən sonra bu günə qədər Azərbaycan sabitlik məkanı kimi, dünyada nümunəvi ölkə kimi özünü təsdiqləyib.

Cənab Prezident Laçında sakinlərlə görüşü zamanı Qarabağ bölgəsində yaşayan ermənilərlə bağlı ölkəmizin açıq və dəqiq mövqeyini bir daha səsləndirdi və bununla da həm Ermənistana, həm də onun havadarlarına lazımi mesajlar verdi. Bütün dünya ictimaiyyəti yaxşı bilir ki, Ermənistan bizim torpaqlarımızdan öz xoşu ilə çıxmaq istəmirdi, işğal edilmiş torpaqlardan çıxmaq istəmirdi. Sadəcə olaraq, görüntü naminə, beynəlxalq vasitəçiləri aldatmaq üçün, beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün belə bir təklif irəli sürürdü ki, guya onlar beş rayonu qaytarmağa hazırdırlar, ancaq Laçın və Kəlbəcər onların əlində həmişəlik qalmalıdır. Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Azərbaycan qalib oldu. Azərbaycan Ordusu düşməni döyüş meydanında məğlub edib işğal altında olan bütün torpaqlarımızı içğaldan azad edərək Tarixi Zəfər yazdı.

“Miatsum” kitabı bağlandı. Separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Son vaxtlar beynəlxalq təşkilatlar faktiki olaraq bizim mövqeyimizlə tamamilə razılaşıblar. Ona görə ki, biz haqlıyıq və ona görə ki, biz mövqeyimizdən kənara bir addım belə atmırıq. Ona görə bu gün nə müstəqillikdən, nə muxtariyyətdən, nə başqa bir şeydən heç kim artıq söhbət açmır.

İşğal və postmünaqişə dövrünün reallıqlarından geniş bəhs edən dövlət başçısı bildirdi ki, delimitasiya, sülh müqaviləsi beynəlxalq şərtlər əsasında olmalıdır, Naxçıvana yolumuz açılmalıdır. Qarabağda hələ də kök salmış Ermənistan ordusunun nümayəndələri oradan çıxarılmalıdır. Müzəffər Ali Baş Komandanın “Bu, bizim şərtlərimizdir. Mən bu şərtləri, bax, burada, Laçın şəhərində deyirəm ki, hər kəs görsün ki, biz bu gün buradayıq və burada əbədi olacağıq. Onu da bilsinlər ki, Ermənistan kəndləri buradan görünür. Biz də görürük o kəndləri, yəni, onu da unutmasınlar” çağırışı qarşı tərəfi ciddi düşündürməlidir.”

Artıq “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” üzrə işğaldan azad olunmuş ərazilərdə geniş tikinti-quruculuq işlərinə başlanmış, çoxsaylı layihələr həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” üzrə nəzərdə tutulmuş tədbirlər uğurla həyata keçiriləcək və bütün keçmiş məcburi köşkünlər öz doğma ata-baba yurdlarına qayıdacaqlar.

Milli Məclisin deputatı

Rauf Əliyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti