Bakı. Trend:
Torpaqlarımızın 30 ilə yaxın işğalı dövründə Azərbaycan diplomatiyasının qarşısındakı əsas məqsədlərindən biri də ölkəmizə qarşı olan aqresiya, işğal siyasəti, etnik təmziləmə siyasətini beynəlxalq təşkilatların, dünya dövlətlərinin qarşısında israrlı şəkildə qaldırmaq olub.
Trend xəbər verir ki, bunu Xarici işlər naziri Ceyhun Bayramov "Ağdamın dirçəlişi" adlı tədbirdə çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, bütün bunları beynəlxalq qurumların, təşkilatların, dünya dövlətlərinin gündəliyindən çıxarılmasına imkan verməyək, onun hüquqi təməlini və bazasını gücləndirək və genişləndirək.
"Bu günün yeni reallıqları mövcuddur. Qarabağımızın dirçəlməsi istiqamətində aparılan işlər üçün dost dövlətlərin aparıcı şirkətlərinin cəlb edilməsi, dünyada mövcud olan ən müasir texnologiyalar barədə məlumatların əldə edilməsi, ölkəmizdə olan həmkar qurumlara ötürülməsi də əsas işlərdəndir. Ən böyük və ciddi problem olan mina təhlükəsi sahəsində bu mövzunun beynəlxalq qurumların, təşkilatların gündəliyində saxlanılmasında, günahkarların ifşa edilməsində, ölkəmizə yardımların artırılması istiqamətində işlərimiz davam etməlidir", - deyə nazir qeyd edib.