...

İrəvan Moskvanın yanında yalan oldu - Bakının silləsi daha çox üz qızartmağa başladı

Siyasət Materials 17 İyul 2023 16:32 (UTC +04:00)
Təhməz Əsədov
Təhməz Əsədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan növbəti Brüssel görüşündən də üstün tərəf kimi ayrıldı. Bunu elə dövlət başçılarının 3 saatlı görüşdən sonra medai mənsubları qarşısına çıxdıqları zaman da hər hallarından anlamaq elə də çətin deyildi.

Bu görüşün yekununa əsasən deyə bilərik ki, Ermənistan və havadarlarının Brüssel öncəsi təxribatları yenə bir işə yarımadı. Azərbaycan və Ermənistan dövlət başçılarının sayca 6-cı Brüssel görüşü öncəsi istər şərti sərhədlər boyunca, istərsə də Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət zonasından mövqelərimiz istiqamətində silahlı təxribatların instensiv hal alması, qondarma rejim qalıqlarına məxsus qanunsuz silahlı birləşmələrin yeni mövqelər quraşdırmaq cəhdləri Bakı ilə İrəvanın sülh təmaslarına mane olmaq planına daxil proseslər idi.

Brüssel formatı Azərbaycanla Ermənistan arasında sülhü yaxınlaşdırmağa gözlənildiyinin əksinə olaraq çox da kömək etməsə də, bölgəyə kənar müdaxilələri azaltmaq baxımından faydalıdır. Bundan ən çox narahat olan tərəf isə şübhəsiz ki, Rusiyadır.

Kremlin Brüsselin vasitəçiliyindən narahatlığı daha çox da Azərbaycan və Türkiyəyə qarşı yönəlib. Rusiya Xarici Işlər Nazirliyinin Qarabağla bağlı son bəyanatı Kremlin açıq şəkildə Cənubi Qafqazda sülhə qarşı çıxdığını nümayiş etdirdi. Bəyanatdan çıxan nəticə belədir ki, Moskva Ermənistanın baş nazirinə açıq-aşkar əmr edir ki, “Brüsseli dinləmə və Qarabağı Azərbaycan ərazisi kimi tanıma”.

Rusiya nə 30 illik işğal zamanı, nə də 44 günlük müharibədən üzü buyana - geridə qalan 34 il müddətində hələ bu qədər kartlarını açmamışdı. Görünür Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlaması ilanın quyruğundan basmaq effekti verib. Ərdoğan Rusiya sülhməramlılarına “Qarabağdan çıxacaqsınız” deməklə Ankara və Bakının qarşısında dayanan hədəflərdən birini çox açıq bildirdi.

Moskva da çox yaxşı bilir ki, Türkiyə Cənubi Qafqazda Rusiya ilə Qərbin toqquşan maraqlarını balanslaşdıran qüvvədir, Ankara hər nə qədər NATO-nun genişlənməsinə töhfə versə də, strateji maraqlarından dolayı Rusiya ilə də yaxşı münasibətlərə malikdir. Bununla belə, Ərdoğan Türkiyənin bərkiyən mövqelərinə Azərbaycanın da maraqlarını qataraq sülhməramlıların regiondan çıxarılması məsələsinə olduqca vacib qərar kimi baxır.

Lakin Rusiyanın Azərbaycan əleyhinə olan bu bəyanatını sırf Ərdoğanın açıqlamasına da yazmaq haqsızlıq olardı. Çünkü Əliyev və Paşinyanın gündəliyi bəlli olan Brüssel görüşündən gözləntilər böyük olmasa da, İrəvanın qarşısında yeni tələblərin qoyula biləcəyini Moskvada çox yaxşı bilirdilər. Görünür rəsmi Moskva saytca 6-cı Brüssel görüşündən öncə Prezident İlham Əliyev görüşdən bəyan etdiyi "Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sözdə tanıyıb, lakin bu, kağız üzərinə də keçməlidir" sözlərindən də ciddi narahatlıq keçirməyə başlayıb.

Rusiya qətiyyən razı deyil ki, onun iradəsindən kənar Bakı ilə İrəvan arasında münasibətlərin tənzimlənməsi istiqamətində hər hansı bir addım atılsın. Çünkü indiyə qədər tərəflərin imzaladığı yeganə sənəd Rusiyanın vasitəçiliyi ilə baş tutub, hərçənd, son illər Qərb vasitəçilikdə daha aktualdır, xüsusilə Brüssel formatı artıq ənənəyə çevrilib. Bİr də bu proseslərin ardınca Bakıdan gələ bu bəyanat Rusiyanın yuxusunu qarışdırıb kimi görünür.

Moskvanın bəyanatındakı "Ermənistanın Baş nazirinin Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıması faktı kontekstində şərh etməsi və şərtləndirməsi qəbuledilməzdir", - ifadəsi deyilənləri bir daha təsdiq edir.

Düzü, Azərbaycana da Ermənistana da Rusiyanın mövqeyi, iki ölkə arasındakı münasibətlərdəki yeri çox yaxşı bəllidir. Buna rəğmən Azərbaycanın qarşısında dayanan prioritet məsələ kimi ərazi bütövlüyü, suverenliyi dəyişməz olaraq qalır və Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, heç bir qüvvə bizi yolumuzdan döndərə bilməyəcək.

İki gün əvvəl növbəti Brüssel görüşü sonrası görüşün detalları açıqlandıqda da məlum oldu ki, Azərbaycan nəyinki şərtlərində müəyyən dəyişikliklər edib, əksinə Ermənistan sülh prosesini uzatdıqca şərtlərini daha da ağırlaşdırır.

Brüsseldə müzakirə edildi:

✔️ Üçtərəfli görüş əsnasında sərhədlərin delimitasiyasi məsələsi

✔️ Sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi

✔️ Nəqliyyat dəhlizlərinin açılması, Naxçıvanın Azərbaycanın digər hissəsi ilə birləşdirilməsi

✔️ Qanunsuz hərbi birləşmələrin Azərbaycan ərazisindən çıxarılması və onların tərksilah edilməsi

✔️ Qaçaqmalçılıq faktları ilə bağlı məsələlər müzakirə olunub

✔️ Qarabağ üçün nəzərdə tutulan humanitar daşımaların Bərdə-Ağdam istiqamətindən daşınması perspektivi

✔️ Qarabağda yaşayan erməni əsilli sakinlərin Azərbaycanın tərkibində Azərbaycan qanunları, Azərbaycan konstitusiyası altında Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində yaşaması məsələləri müzakirə olunub

✔️ Qərbi Azərbaycan İcması və onların qayıdışı məsələsi də danışılqar zamanı müzakirə olunan məsələlər sırasında yer alıb

Bakı üçün dəyişən heç nə yoxdur. Ermənistan yekun sülh sazişinin imza tarixini uzatdıqca qarşısındakı şərtlər daha da ağırlaşır. Lakin Qarabağa müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin səlahiyyət müddətinin bitməsi tarixi yaxınlaşdıqca, Qərbin sülh danışıqları prosesindəki fəallığı, həmçinin regionda hərarət artır ki, bu da bu zamana kimi bizə bəlli olmayan, heç vaxt şahidi olmadığımız bəzi nüansların üzə çıxmasına imkan verir.

Ermənistanın Azərbaycanın təzyiqlərinə dözmək kimi nə imkanı var, nə də o gücü. Bu gün Ermənistanı Azərbaycan qarşısında ayaqda saxlamağa çalışan, ondan öz məqsədlərinə nail olmaq üçün yenə də istifadə etmək niyyətində olan Rusiya və digər hamiləridir.

Liderlər arasında görüş öncəsi Xankəndində kütləvi mitinq də elə buna növbəti işarə idi. Yalan, böhtan və yazıq hay etnosu obrazı. Bütün bunlar guya hamilə qadınlar, uşaqlar blokadada ac qalıblar, oradakı ermənilərə qarşı etnik təmizləmə siyasəti aparılır və "Azərbaycanın faşist Almaniyasının davamı olmasını da nəzərə alaraq" "zavallı xalq" Azərbaycanın tərkibində yaşaya bilməz fikrini formalaşdırmaq üçün hesablandı. Elə həmin mitinqin məhz Brüssel görüşünə təsadüf etməsi hər şeyi deyir. Yenə baş rolda sülhməramlı kontingentdir.

Sülhməramlıların səlahiyyətlərindən sui-istifadə edib gərginlik yaratmaq cəhdləri Azərbaycanın bölgədə daha tez anti-terror əməliyyatlarına başlamasına rəvac verə bilər. Buna görə də yaxşı olar ki, Rusiya əgər regionda varlığını qoruyub saxlamaq istəyirsə, Azərbaycan əleyhinə bəyanatlardan, addımlardan çəkinib müttəfiq kimi üzərinə düşən vasitəçilik funksiyasına saduiqlik nümayiş etdirsin. Ona görə ki, hazırki vəziyyətdə bölgədə gələcək proseslərdə iştirak etmək məhz Azərbaycanın maraqlarının nəzərə alınmasından keçir, əksi kimliyindən asılı olmayaraq həmin dövlətin regiondakı manevr imkanlarının bloklanası ilə nətcələnə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti