Bakı. Trend:
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin humanitar yüklərin Qarabağda erməni sakinlərə çatdırılmasına dəstək olmaq təşəbbüsü təqdirəlayiqdir. Hesab edirəm ki, bu missiyanı Qızıl Aypara Cəmiyyəti çox uğurla və məzmunu üzrə yerinə yetirə bilər.
Bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O bildirib ki, bu, həm real addımdır, çox vaxtında və yerində qaldırılmış bir məsələdir.
“Məlumdur ki, Qarabağda yaşayan ermənilərə humanitar yüklərin çatdırılması ilə bağlı Ermənistan və havadarları tərəfindən qərəzli kampaniya aparılır. Belə bir məqamda Qızıl Aypara Cəmiyyətinin bu missiyanı öz üzərinə götürməsi zərurətə çevrilib. Cəmiyyət bu işi ən səmərəli formada həyata keçirə bilər, çünki təşkilatın bu sahədə geniş təcrübəsi mövcuddur”, - deyə deputat bildirib.
S.Hüseynova qeyd edib ki, Qarabağda yaşayan ermənilərin səsləndirdiyi fikirlərdən də aydın olur ki, hazırda humanitar yükün çatdırılması ilə məşğul olan Beynəlxalq Qırmızı Xaç Komitəsi bu işi düzgün həyata keçirmir.
“Çünki onlar humanitar yükdən çox separatçılara təhcizat aparmaqla məşğul olurdular. Ermənistan Respublikası ilə dövlət sərhədində “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsi fəaliyyətə başladığı tarixdən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus nəqliyyat vasitələrinin dövlət sərhədindən hərəkətinə lazımi şərait yaradılıb, müvafiq qaydada sərhəd və gömrük nəzarətindən keçməklə dövlət sərhədindən buraxılıblar.
Lakin ötən müddət ərzində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən BQXK-yə aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdlərinin üstü açılıb. Belə olan halda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin humanitar yüklərin daşınması ilə məşğul olması ən doğru seçimdir”, - deyə deputat əlavə edib.
O vurğulayıb ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) 1920-ci ildən etibarən 100 ildən artıq bir müddətdə, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tərkib hissəsi olaraq, Beynəlxalq Hərəkatın 7 fundamental prinsipini, xüsusilə “bitərəflik”, “qərəzsizlik”, “vahidlik” prinsiplərini rəhbər tutaraq, həm sülh dövründə, həm hərbi münaqişələr şəraitində, eyni zamanda, fövqəladə hallar zamanı dini etiqadından, milli mənsubiyyətindən, irqindən, siyasi baxışlarından asılı olmayaraq, insanlar arasında fərq qoymadan müharibə qurbanlarına, məcburi köçkün və qaçqınlara, minadan zərərçəkmişlərə və digər ehtiyaclı insanlara zəruri humanitar yardımlar göstərir.