Bakı. Trend:
Laçın yolunda fəaliyyətin bərpası əvvəllər olduğu kimi sərbəst şəkildə Ermənistan büdcəsinə vergi ödəməklə bir daha olmayacaq. Gələcəkdə bu yolla Azərbaycanın sərhəd, gömrük və vergi qanunvericiliyin tələblərinə riayət olunmaqla fəaliyyətini bərpa etdirə biləcək. Bu yolla Ermənistandan idxal olunan bütün mallara Azərbaycanın digər sərhəd məntəqələrində olduğu kimi gömrük rüsumları və vergilər tətbiq olunacaq.
Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.
O bildirib ki, 23 apreldə Azərbaycan Laçın nəzarət keçid məntəqəsi yaratmaqla suverən ərazilərinə nəzarəti tam şəkildə bərpa etdi.
“Suverən ərazilərinə nəzarət deyiləndə, ermənilərin məskunlaşdığı Qarabağ torpaqlarında dövlət nəzarətinin bərpası istiqamətində atılan addımların başlanğıcı kimi də hesab etmək olar. Çünki dövlət sərhəddən başlayır. Belə ki, Azərbaycan dövləti Laçın sərhəd məntəqəsində sərhəd və gömrük nəzarəti bərpa edib.
Azərbaycan dövləti sərhədlərini təhlükə müşahidə edəndə qonşu ölkələrlə bağlaya və müəyyən şərtlərini razılaşdırmaqla yenidən fəaliyyətini bərpa etdirə bilər. Laçın yolu da müvəqqəti olaraq kommersiya daşımaları üçün bağlanmışdır. Amma bu yol hələ də BQXK-nin təşkilatçılığı ilə insanların, dərmanların və digər zəruri vasitələrin daşınmasına açıqdır və hər gün razılaşdırılmış şəkildə bu baş tutur. Amma bunu müvəqqəti hal hesab edirəm və Xankəndi və ətraf yaşayış məntəqələrdə yaşayan ermənilərin əsas təminatı Ağdam-Xankəndi yolu ilə olmalıdır. Ona görə də Azərbaycan ilkin şərt olaraq Ağdam-Xankəndi yolu açılandan sonra Laçın yolunda fəaliyyətin bərpa olunacağını bəyan edib”, - deyə deputat bildirib.
O qeyd edib ki, ermənilər 30 ildə Ermənistan büdcəsinə vergi ödəməklə Qarabağda fəaliyyət göstəriblər.
“Bu da Azərbaycan dövlət büdcəsini ödənilməli olan milyonlarla dollar vəsaitdən məhrum olması deməkdir. Azərbaycan dövləti ermənilərin bu özbaşınalıqlarına son qoyub və bundan sonra bütün idxal-ixrac və satış prosesləri dövlətimizin qanunlarına uyğun reallaşdırılması mümükün olacaqdır. Ermənistandan Qarabağa malların idxalı üçün ermənilərin Azərbaycanın vergi orqanlarında qeydiyyatda dayanmağı vacib olacaqdır.
O cümlədən idxal və gömrük sənədləşmələri ilə bağlı bütün sənədlərdə saxta separatçı adlar və emblemlər yox, Azərbaycanın atributları və yaşayış məntəqlərin adları qeyd olunmalıdır. Təbii ki, bu prosesin reallaşdırılması üçün Qarabağda yaşayan ermənilər Bakı ilə görüşmək istədiyini bildirməli və reinteqrasiya olunması ilə bağlı məsələlər müzakirə olunmalıdır. Qarabağdakı ermənilərin Azərbaycana reinteqrasiyası labüd prosesdir. Bu proses olmadan Qarabağdakı ermənilərin gələcəyi yoxdur. Onların gələcəyi ancaq Azərbaycanla olacaq. Separatçılar mövcud reallığı nə qədər tez dərk edib Ağdam -Xankəndi yolunda süni manelər törətməkdən əlini çəkərək Bakı ilə danışıqlara hazır olduğunu bildirsə, bu bir o qədər onların özləri üçün yaxşıdır. Əks halda özləri özlərini bloklayıb çox qala bilməyəcəklər”, - deyə deputat əlavə edib.