...

ADP İdarə Heyətinin toplantısı keçirilib

Siyasət Materials 4 Sentyabr 2023 16:23 (UTC +04:00)
ADP İdarə Heyətinin toplantısı keçirilib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün ADP İdarə Heyətinin ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi vəziyyətə dair növbəti toplantısı keçirilib.

Toplantı iştirakçıları ilk növbədə rus sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan ərazilərimizdə vəziyyətin süni şəkildə gərginləşməsi, Ermənistan və havadarlarının humanitar fəlakətlə bağlı apardığı anti Azərbaycan təbliğatına münasibət bildirib. Partiya yetkililəri bu faktın arxasında Qarabağda yaşayan erməni vətəndaşların reinteqrasiyadan yayınmaq, arxasına Ermənistanı və bir sıra güc dövlətlərini alaraq sülh sazişindən yayınmaq cəhdlərinin durduğunu bildirib və hakimiyyəti Xankəndi ilə bağlı qərarlı siyasətini davam etdirməyə, yerli ermənilərə ediləcək yardımların yalnız ölkəmizin vasitəsi ilə aparılmasını təmin etməyə çağırıb.

İdarə Heyəti son vaxtlar qardaş Türkiyənin Cənubi Qafqaz bölgəsində təsir dairəsinin genişləndirilməsi sahəsində apardığı siyasəti müsbət dəyərləndirib, Türkiyə Xarici İşlər naziri Hakan Fidanın qonşu İran və Rusiya rəsmiləri ilə apardığı görüşləri Türkiyə dövlətinin regionda mövqeyinin möhkəmlənməsinə yardım edəcəyinə ümidvar olduğunu bildirib. Həmçinin Söçidə BMT Baş katibinin təşəbbüsü ilə Türkiyə və Rusiya prezidentlərinin baş tutacaq görüşündə bölgə və dünya üçün faydalı razılaşmaların, o cümlədən taxıl daşınması, Ukrayna Rusiya müharibəsinin həlli istiqamətində faydalı razılaşmaların əldə ediləcəyinə əminliyini bildirib.

İdarə Heyəti Türkiyə müdafiə nazirinin Azərbaycana səfərini təqdir edib və bir sıra strateji əməkdaşlıqlarla yanaşı hərbi sahədə ölkələrimiz arasında əldə edilən razılaşmaların hər iki ölkə üçün faydalı olacağını diqqətə çatdırıb.

İdarə Heyəti son günlər Kərkükdə yaşanan etnik qarşıdurmalar fonunda Kərkük türklərinə qarşı kürd və ərəb yönətimi tərəfindən diskriminasiya siyasətini qətiyyətlə pisləməklə Azərbaycan və Türkiyə rəsmilərini Kərkük türklərinin hüquqlarını müdafiə etməyə, onların öz tarixi ərazilərində rifah halında yaşaması üçün İraq hökumətinə təsir göstərməyə çağırıb.

İdarə Heyəti Livanda Azərbaycan konsulluğuna qarşı ermənilər tərəfindən törədilən terror aktını qətiyyətlə pisləyib və bu aktı Azərbaycan dövlətinin ərazi bütövlüyünə, suverenliyinə qarşı qəsd kimi dəyərlədirməklə beynəlxalq təşkilatları bu hadisəyə hüquqi qiymət verməyə və günahkar şəxslərin cəzalandılıması üçün təsirli tədbirlər görməyə çağırıb.

İdarə Heyəti son vaxtlar Ukrayna ilə Rusiya arasında başlayan müharibənin getdikcə gərginləşməsindən, bu müharibənin yüz minlərlə insan ölümi ilə nəticələnməsi ilə yanaşı dünyanı nüvə fəlakətləri ilə üz-üzə qoymaq hədəsindən ciddi narahat olduğunu bildirib və dünya dövlətlərini müharibə baiskarı Putin Rusiyasına təsir göstərməyə, Rusiya hakim elitasını bu qanlı hadisələrdən çəkindirəcək daha amansız sanksiyalar tətbiq etməyə çağırıb.

İdarə Heyəti Azərbaycanın Los-Ancelesdə yerləşən konsulluğunun yerləşdiyi əraziyə orada yaşayan erməni icmasının təsiri ilə “Artsax” adının verilməsini qətiyyətlə pisləyib və ABŞ rəsmilərini bu fakta iki ölkə arasında hərtərəfli əlaqələrin gedişatına mənfi təsir göstərmək baxımından münasibət bildirməyə və hakimiyyəti konsulluğumuzun başqa bir əraziyə köçürülməsi üçün lazımı addımlar atmağa səsləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti