...

Paşinyan erməniləri uçurumun kənarına gətirdi

Siyasət Analytics 14 Sentyabr 2023 14:36 (UTC +04:00)
Paşinyan erməniləri uçurumun kənarına gətirdi
Elçin Alıoğlu
Elçin Alıoğlu
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanla Ermənistanın şərti dövlət sərhədində gərginlik pik həddə qalsa da, rəsmi Bakı problemləri həll etmək üçün danışıqlara hazırdır.

Məsələ Ermənistanın baş naziri Nikol Paşinyanın belə danışıqlara hazır olub-olmamasındadır.

Bu ilin fevralında rəsmi Bakı Ermənistana qarşılıqlı olaran Laçın rayonunda və Zəngəzurda sərhəd nəzarət-buraxılış məntəqələri yaradaraq Zəngəzur dəhlizinin ekstraterritoriallıq prinsipi ilə bağlı müəyyən güzəştlərə hazır olduğunu vurğulayanda, Nikol Paşinyan qətiyyətlə etiraz etmişdi. Təbii, rəsmi İrəvan Laçın yolunun dəhliz statusunda, Rusiya Sülhməramlı Kontingentinin (RSK) nəzarətində qalmasını istəyirdi.

Paşinyan əmin idi ki, Ermənistandan Xankəndinə və Xankəndidən də Ermənistana hərəkət Bakının kontrolunda olmayacaq, ola da bilməz.

Ona bu əminliyi Ermənistanı geosiyasi kontrolda saxlamaq istəyən hamiləri vədləri ilə təlqin etmiş, Paşinyanda illüziyalar yaratmışdılar.

İki ay sonra Laçında sərhəd nəzarət-buraxılış məntəqəsi yaradıldı, Zəngəzur dəhlizi layihəsi isə reallaşmadı.

Nikol Paşinyan həmişəki kimi, tam diplomatik bisavadlıq, strateji düşüncə yoxluğu nümayiş etdirərək düşünürdü ki, Gorus-Xankəndi və əks istiqamətdə ermənilər istədikləri zaman istədikləri yükləri daşımağa davam edəcəklər. Buna görə o, Ermənistan ərazisindən keçən yolların təhlükəsizliyi ilə bağlı az qala dəmir-beton təminatlardan boyun qaçırdı.

Ermənistan rəhbərliyinin növbəti kobud strateji səhvi Rusiya Federasiyası ilə əlaqələrin bilərəkdən, sürətlə, genişmiqyaslı şəkildə pisləşdirilməsidir.

Rusiya Ermənistanı əldən verən və ya Ermənistanı tərk edən deyil. Paşinyan hakimiyyətinin də Rusiyanın təsirindən birdəfəlik qurtulmaq üçün potensialı, imkanları və gücü yoxdur.

Rusiya ilə münasibətləri belə gərgin vəziyyətə çatdırmaq əvəzinə Nikol Paşinyan Moskvanın İrəvan üzərindəki hegemoniyasına çox ustalıqla, yumşaq şəkildə son qoya bilərdi. Bunun üçün Ermənistan-Rusiya əlaqələrini tərəfdaşlıq münasibətlərinə çevirmək gərəkdi. İndi belə münasibətlər yoxdur, çünki Ermənistan Rusiyanın tərəfdaşı, müttəfiqi yox, vassalı və Cənubi Qafqazdakı forpostudur.

Rusiya ilə Ermənistan arasında üfüqi, bərabərhüquqlu münasibətilərin yoxluğu rəsmi İrəvanı ciddi narahat etməli idi – “Rusiyanı Ermənistandan qovmaq” kimi absurd yox.

Ermənistanın hakimiyyət dairələri bəyan etdikləri və ya açıqlamağa çəkindikləri məqsədlərinə yalnız bir yolla çata bilərlər: o yol bütün qonşu dövlətlərlə, xüsusilə də Azərbaycanla normal münasibətlərin qurulmasından keçir.

İrəvan Bakı ilə iqtisadi əlaqələri, kommunikasiya marşrutları, yolları bərpa etməlidir. Belədə ermənilər regionun digər dövlətləri ilə də əlaqələrini sürətlə inkişaf etdirəcək, iqtisadiyyatlarında Rusiyaya paralel ixrac hesabına uydurma inkişaf əvəzinə, real irəliləyişə nail olacaqlar.

Türkiyənin də prosesə qatılmasından sonra Rusiya Federasiyası Ermənistana iqtisadi təzyiq rıçaqlarını bilmərrə itirəcək, İrəvanın tərəfdaşlarından biri olacaq.

Fəqət, Nikol Paşinyan sadalananların tam tərsini edir. Ermənistanda indi Azərbaycana və Türkiyəyə qarşı nifrət, etnik və dini zəmində dözülməzlik təbliğ olunur. Bu təhlükəli idefiks dünyada sadəcə, ermənilər arasında və Ermənistanda geniş yayılıb.

Nəticədə orta statistik erməniyə ölkəsinin inkişafının, güclənməsinin, indiki səfil statusdan qurtulub normal dövlətə çevrilməsinin yolunun Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasından keçdiyini anlatmaq həddən ziyadə çətindir.

Nikol Paşinyanın daha bir ciddi yanlışlığı kollektiv Qərbə bel bağlayaraq qonşu dövlətlərlə münasibətləri gərginləşdirməsidir.

ABŞ və Avropa İttifaqı bölgədə dayanıqlı sülhlə stabilliyə, Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanmasına nail olmaq üçün aktiv fəaliyyətdədir.

Vaşinqtonla Brüssel həm ayrı-ayrılıqda, həm də birlikdə Bakı-İrəvan istiqamətlərində fasiləsiz müzakirələr, danışıqlar aparırlar.

Azərbaycanla Ermənistan arasında Vaşinqtonda danışıqların yeni mərhələsinin olacağı da təxminlənir.

Lakin sülh sazişinin imzalanmasına yönəlmiş danışıqlar prosesi yalnız qarabağlı ermənilərə humanitar yüklərin daşınması üçün Ağdam-Xankəndi və Laçın yollarının açılmasından sonra mümkün ola bilər. Bunun üçün Ağdam-Xankəndi marşrutu ilə sadəcə, Rusiyanın qarabağlı ermənilərə ünvanladığı humanitar yardım yox, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin də humanitar yüklü maşınlarının hərəkəti gərəkdir.

Bəlli ki, qarabağlı erməni separatçıları Azərbaycanın humanitar yardım yüklü maşınlarını Ağdam-Xankəndi yolu ilə buraxmaq istəmirlər.

Bəhs etdiyimiz marşrutalrın açılması ayrı proses, ayrı müstəvidə müzakirə ediləcək məsələlərdir. Onları Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının açılması ilə qarışdırmaq olmaz.

Bəhs etdiyimiz və sadaladığımız səbəblərdən dolayı Nikol Paşinyan indiki faktiki olaraq çıxılmaz siyasi vəziyyətdədir. Onun voluntarist, aqressiv, isterik qərarları və bəyanatları nəticəsində qarabağlı erməni separatçılarının ümidləri kəsilib, Ermənistanın isə bir dövlət kimi mövcudluğu təhlükə altına düşüb.

Efemer kollektiv Qərbin vədlərinə inanan və özünə xəyallar aləmi quran Nikol Paşinyan indi regionda formalaşan gərginliklə üzləşib.

ABŞ hərbçilərini Ermənistana dəvət edərək birgə təlimlər keçirən Paşinyan hakimiyyəti bu qərarı ilə son günlərədək erməniləri bütün müstəvilərdə tam dəstəkləyən İranı hədsiz dərəcədə qıcıqlandırıb. Vəziyyət o şəddə çatıb ki, rəsmi Tehran İrəvana xəbərdarlıq edərək “üçüncü və kənar ölkələrin hərbçilərinin bölgəyə gəlişi vəziyyətin gərginləşməsinə xidmət edir” bəyanatını yayıb.

Rusiyanın təsirindən qurtulmağa çalışan, İranın dəstəyini sürətlə itirməyə başlayan Paşinyan bölgədə amerikanizm qalasını qurmaq istəyirsə, yanılır.

Ermənistan dövləti həmin “qala”nın xarabalıqları altında qala bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti