Bakı. Trend:
Azərbaycan ordusu tərəfindən Qarabağda keçirilən antiterror tədbirləri ölkənin konstitusiya quruluşunun kobud pozulmasına rəsmi Bakının reaksiyasıdır.
Bu barədə Trend-ə "MUİT" səhmdar cəmiyyətinin "Qazaxıstanın media kommunikasiyası və tarixi" kafedrasının professoru Saken Mukan deyib.
"Dünən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağda başlayan antiterror tədbirləri sürpriz olmadı. Heç kim tərəfindən tanınmamış qondarma "prezident seçkiləri" Azərbaycan Respublikasının konstitusiya quruluşunun və qanunlarının, eləcə də, beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması demək idi. Bunun nəticəsi olaraq rəsmi Bakı bölgədə Azərbaycan Respublikasının konstitusiya quruluşunu bərpa edir", - deyə Mukan qeyd edib.
Onun sözlərinə görə, Ermənistan, həmişə olduğu kimi, Azərbaycana qarşı təxribatçı əməllərə davam edərək, Qarabağda "humanitar faciə" barədə saxta iddiaları yayaraq tirajlayırdı.
"Rəsmi Bakı dəfələrlə Azərbaycanın Qarabağ rayonunda yaşayn erməni əhalinin nümayəndələrini reinteqrasiya məsələlərini müzakirə etmək üçün dialoqa dəvət edib, lakin onlar imtina edib", - o deyib.
Saken Mukanın qeyd etdiyi kimi, Azərbaycan xarici siyasətində strateji addımlara həmişə düşünülmüş şəkildə yanaşır.
"Hazırkı antiterror tədbirləri Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində keçirilir və lokal xarakter daşıyır, yəni hər hansı ölkənin ərazisini təhdid etmir", - deyə o əlavə edib.
Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirləri həyata keçirilib.
Tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də, döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır. Mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılıb.
Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub.
Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.
(Tərcümə: Rəna Əbdürəhmanova)