...

Qarabağ bölgəsinin erməni separatçılardan təmizlənməsi mülki əhalinin təhlükəsizliyini təmin edəcək - Azərbaycan Ukrayna Konqresinin sədri

Siyasət Materials 21 Sentyabr 2023 12:48 (UTC +04:00)
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın Qarabağ bölgəsinin erməni separatçı elementlərindən tam təmizlənməsi mülki əhalinin təhlükəsizliyini təmin edəcək.

Trend xəbər verir ki, bunu 1-ci Qarabağ müharibəsi veteranı, Azərbaycan Ukrayna Konqresinin sədri Yuri Osadçenko deyib.

"Azərbaycan Silahlı Qüvvələrinin erməni silahlı birləşmələrinin tərksilah olunması və Qarabağ ərazisindən çıxarılması və hərbi infrastrukturunun zərərsizləşdirilməsi üzrə tədbirlərini bütünlüklə və tam olaraq dəstəkləyirik", - o deyib.

Osadçenko qeyd edib ki, Azərbaycanın bütün vətəndaşları milliyyətindən asılı olmayaraq, erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılmasını və konstitusiya quruluşunun tez bir zamanda bərpa olunmasını böyük ümidlə gözləyirdi.

"Qarabağ bölgəsinin separatçı elementlərindən və quldur dəstələrindən tam təmizlənməsi etnik və konfessional mənsubiyyətindən asılı olmayaraq, mülki əhalinin təhlükəsizliyini təmin edəcək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəfələrlə dediyi kimi, bütün Cənubi Qafqazın, eləcə də, erməni əhalinin iqtisadi tərəqqisinin əsasını qoyacaq. Ermənilər bizimlə yanaşı yaşayacaq və Azərbaycanın bütün xalqlarına verilən hüquq və öhdəliklərdən yararlanacaqlar", - deyə o əlavə edib.

Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olması ilə nəticələndi. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabrın 21-də Yevlaxda görüş təyin edildi.

Xatırladaq ki, əldə edilən razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti