...

Qarabağda "Şeytan yuvası" dağıldı - İndi növbə Paşinyanın: Bakı daha bir istəyinə çatır

Siyasət Materials 28 Sentyabr 2023 20:59 (UTC +04:00)
Təhməz Əsədov
Təhməz Əsədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın Qarabağ bölgəsindəki separatçı qurum özünü buraxdığını elan etdi. Əslində onlar özlərini çoxdan "buraxmışdılar". 44 günlük müharibədəki ağır məğlubiyyətdən sonra Azərbaycanın legitim ərazisində növbəti qondarma "prezident seçkiləri" keçirəndə, mövqelərimiz istiqamətində yeni döyüş məntəqələri yaradıb, səngərlər qazanda, Azərbaycan polisinin, əsgərinin yoluna mina düzəndə özlərini buraxmışdılar.

19-20 sentyabr tarixlərini əhatə edən lokal antiterror tədbirləri Qərbin bir çox dairələrinin, ABŞ konqresmenlərinin dəstəyini əsirgəmədiyi bütün bu terrorçuların, cinayətkarların sonunu gətirdi. Nəticədə Azərbaycan Ordusu 23 saat 43 dəqiqəyə Qondarma rejim qalıqlarını və Ermənistan silahlı qüvvələrinin Qarabağdakı silahlı birləşmələrini ağ bayraq qaldırmağa vadar etdi.

Bu gün isə Azərbaycanın Qarabağ bölgəsindəki separatçıların "rəhbəri" Samvel Şahramanyan qondarma qurumun özünü buraxdığını elan etməsinə şahid olduq. Bu, Şahramanyanın müstəqil, rahat qəbul etdiyi qərardırmı? Təbii ki, xeyr! Separatçıların "liderinin" belə bir qərar qəbul etməsi heç şübhəsiz ki, öz xoşluğu ilə verilmiş qərar olmadığı hər kəsə bəllidir. Qondarma rejimin özünü buraxması ilə bağlı qərar məcburiyyətdən atılmış addımdan başqa bir şey deyil. Bununla da Qarabağda separatçılığın sona çatdığını məhz qondarma rejim qalıqları özləri elan etmiş oldular.

Bu isə o deməkdir ki, Azərbaycan mərkəzi hakimiyyətinin təzyiqləri öz nəticəsini verdi və separatçılar anladılar ki, onlar üçün ən doğru, ən yaxşı qərar məhz başqasının torpağında qondarma "respublika" iddialarından əl çəkib, ərazini tərtk etməkdir. Bunun əksinin hansı proseslərlə nəticələnəcəyini zatən Azərbaycan 19-20 sentyabrda cəmi 23 saat davam edən lokal antiterror tədbirləri ilə istər separatçılara, istərsə də Ermənistan hakimiyyətinə və onun havadarlarına nümayiş etdirdi.

Bu, faktiki olaraq Azərbaycan torpaqlarında 35 illik separatçı hərəkatın sonu deməkdir. Azərbaycan bununla tək separatizm üzərində qələbə çalmadı, erməni ideologiyasına, erməni lobbisinə və onlarla əlaqələri olan mərkəzlərə zərbə vurmuş oldu. Ermənilər arasında hazırda dərin fikir ayrılğının yaranması, parçalanmalara şahidlik etməyimiz, çatların böyüməsi deməyə əsas verir ki, Azərbaycan növbəti tarixi zəfərə imza atmış oldu.

Ötən gün Qarabağda separatizmi alovlandıramq, revanşist qüvvələri ətrafında daha da çox cəmləşdirib, Azərbaycana qarşı terror əməmlləri törətmək üçün silahlı birləşmələrin tərkini genişləndirmək planları quran qondamra rejimin keçmiş qondarma "dövlət naziri" Ruben Vardanyanın Laçın sərhəd buraxılış məntəqəsində ələ keçməsi ölkəmizə barmaq uzadanların barmaqlarının necə qoparılacağını göstərdi. Təbii ki, Qarabağda bu "təmizlik işi" zaman keçdikcə daha da sürətli hal alacaq və Araik Arutyunyan, Vitali Balasanyan, David Babayan və s. adını çəkmədiyim separatçıları da bu sonluq gözləyir. Azərbaycana qarşı törətdikləri cinayətlərə görə hər biri Azərbaycan qanunları qarşısında cavab verməli olacaq. O gün artıq yetişdi.

Unutmamalıyıq ki, bu gün Qarabağda separatizmin kökünün kəsilməsi iki ölkə - Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesini də sürətləndirəcəyi istisna edilmir. Çünki 44 günlük müharibədən üzü bu yana - geridə qalan 3 il ərzində Bakı ilə İrəvan arasında yekun sülhün imzalanması barədə hər dəfə mövzu düşəndə Ermənistan tərəfi dərhal Qarabağ ermənilərinin "təhlükəsizliyi və hüquqlarının müdafiəsi" məsələsini əllərində silah edərək prosesi ləngitmək üçün müxtəlif cür ondan istifadə edirdilər. Amma bu gün Azərbaycanın Qarabağ iqtisadi zonasında şeytan yuvasını dağıdıb, separatizmin sonunu gətirməklə rəsmi İrəvanın manevr imkanlarını daraltmağı bacardı.

Bəli, Qarabağda separatçı ocağın söndürülməsi Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalamaq imkanlarını artırır. Qarabağ Ermənistan üçün siyasi, iqtisadi və hərbi yük idi. Bunu nə qədər Ermənitan ictimaiyyəti və rəsmi dairələri etiraf etməsələr də onlar bu yükdən qurtuldular. Doğrudur, erməni lobbisi və yerli radikallar da Azərbaycanla Ermənistan arasında əsas maneə idilər, lakin Qarabağ erməniləri mövzusu Nikol Paşinyan hakimiyyətinin 3 il ərzində əsas "rıçaqı" oldu. Amma bütün bu bəhanələr İrəvanın əlindən çıxdı. İndi Nikol Paşinyan üçün o əli doldurmağa sülh sənədindən yaxşı nəsə görmürəm.

Azərbaycan öz tarixi, doğma torpaqlarında suverenliyini bərqərar etdi. Ermənistandan fərqli olaraq bunu hər hansı bir işğal, soyqırım, hərbi cinayətlər hesabına yox, beynəlxalq hüququn bütün qaydalarına uyğun olaraq həyata keçirildi. 30 il əvvəl Ermənistanın Azərbaycana qarşı işğalçı hücumları zamanı vətəndaşlarımıza qarşı törətdikləri vəhşiliklər fonunda reinteqrasiya prosesi ilə tanış olan və Azərbaycan vətəndaşlığını qəbul edən ermənilərin mərkəzi hakimiyyət tərəfindən Qarabağa qayıtmasına icazənin verilməsi isə növbəti humanist addımımızdır.

44 günlük İkinci Qarabağ müharibəsi ilə əldə etdiyimiz tarixi qələbə bu gün rəsmi şəkildə tamamlandı. Kollektiv Qərbin, hətta okeanın o tayından belə gələn sifarişlər əsasında Türk dünyasına qarşı faktiki olaraq "səlib yürüşü" gerçəkləşdirmək məqsədi ilə bölgəmizə köçürülən ermənilərin “Miatsum”, “böyük ermənistan” kimi “ideyalar”ı məhv oldu.

Çünki belə bir qurumun yaradılmasının 200 illik siyasi-ideoloji, 100 illik isə siyasi-hüquqi əsasları vardı. Bu əsaslar Azərbaycanı daima təzyiq altında saxlamaq, itaət etmədikdə onu cəzalandırmaq və daha da kiçiltmək üçün yaradılmış xüsusi strateji layihə əsasında formalaşdırılmışdı. Elə torpaqlarımızın 30 il işğal altında qalması bunların nəticəsi idi. Ancaq Azərbaycan özünə qarşı olan bütün haqsızlıqlara, ədalətsizliklərə, ikilistandartalara rəğmən ərazi bütövlüyünü bərpa etdi və bu gün bütün Qarabağda Azərbaycan qanunlarının işləməsi üçün artıq hər şey hazırdır.

Nəyi, necə, nə vaxt etməli olduğunu yaxşı bildiyini bütün dünyaya isbat edən Prezident İlham Əliyevin uzaqgörən siyasəti, güclü Ordumuzun sayəsində Azərbaycanı parçalayaraq onu Cənubi Qafqazın siyasi coğrafiyasından silmək istəyənlərin 200 illik planları cəmi 44 gündə darmadağın edildiyi kimi 23 saat 43 dəqiqəyə də bütövlüyümüz son qarışına kimi nəzarətimizə keçdi. Nəticədə 2020-ci il sentyabr ayının 27-də başlayan tarixi zəfərimiz 2023-cü il sentyabr ayının 20-də hər qarış ərazimizdə suverenliyimizin bərpası ilə sona çatdı. Bu sonluq bölgəmizdə baş qaldıran erməni separatizminin, işğalçı maraqların, revanşist qüvvələrin sonu oldu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti