...

Qadınların ictimai-siyasi həyatda fəal iştirakı beynəlxalq arenada yerinimizi daha da mökəmləndirir - Bahar Muradova

Siyasət Materials 19 Oktyabr 2023 10:54 (UTC +04:00)
Qadınların ictimai-siyasi həyatda fəal iştirakı beynəlxalq arenada yerinimizi daha da mökəmləndirir - Bahar Muradova
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Azərbaycanda həyata keçirilən gender siyasəti tarixi ənənələr və müasir dövrün tələbləri ilə uzlaşır. Hazırda müəyyən sahələrdə gender balansına nail olunması istiqamətində müsbət tendensiya mövcuddur.

Trend xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Qadınlarının VI Qurultayında çıxışı zamanı deyib.

O qeyd edib ki, qadınlarımız dövlət idarəçiliyi və qanunverici orqanda, qərarqəbuletmə səviyyəsində təmsil olunur.

“Diplomatiya aləmi yerli idarəetmə və iş dünyasında, mədəniyyət, elm, təhsil və səhiyyədə öz sözünü deyir. Bunu şərtləndirən önəmli səbəblərdən biri Azərbaycanın milli-mənəvi dəyərlər sistemi ilə bağlıdırsa, digər vacib məqam dövlət tərəfindən həyata keçirilən gender bərabərliyi, qadın inkişafına və iştirakçılığına yönəlmiş siyasətlə əlaqəlidir.

Bu gün ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva yüksək inam, böyük bacarıq və siyasi səriştə ilə vəzifəsini məsuliyyətlə daşıyır. Həmçinin, Parlament diplomatiyası və qanunverici orqana rəhbərliyin qadına həvalə olunması, ümumiyyətlə belə yüksək postlara qadınların təyin edilməsi onların ictimai-siyasi həyatda fəal iştirakına dövlət səviyyəsində verilən əhəmiyyətin göstəricisidir.

Bu isə ölkənin ahəngdar inkişafına təsir göstərən amil kimi çıxış etməklə yanaşı, Azərbaycan xalqının beynəlxalq arenada yerini daha da mökəmləndirir”.

B.Muradova qeyd edib ki, bu gün Azərbaycan qadını hüdudlarımızdan kənarda da öz ölkəsini layiqincə təmsil edir, Avropa, Asiyanın parlament ittifaqlarından, beynəlxalq təşkilatların ən yüksək tribunalarından səsimizi bütün dünyaya çatdırır, beynəlxalq miqyasda nüfuzlu rəhbər vəzifələrə seçilir:

“Son 20 ildə iş dünyasında qadınların rolu və çəkisinin intensiv artdığı göz önündədir. İqtisadiyyat, biznes mühitində qadınların öz hüquqlarından yararlana bilməsi onların cəmiyyətin iqtisadi sütunlarının möhkəmlənməsində rolunu artırır. Bütün bunlar isə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin hədəflərinə tam uyğundur”.

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Qadınlarının VI Qurultayı keçirilir.

Azərbaycanın bütün regionlarından olan 600-ə yaxın qadının bir araya gəldiyi Azərbaycan Qadınlarının VI Qurultayı ölkəmizdə qadın hərəkatının əsasını qoymuş Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi, eyni zamanda ilk Qadın Qurultayının 25 ili münasibətilə baş tutur.

Türkiyə, Özbəkistan və Tacikistan Respublikalarının dövlət rəsmilərinin də qatılacağı Qurultayda millət vəkilləri, dövlət və qeyri-hökumət, eləcə də beynəlxalq təşkilatların və xarici dövlətlərin ölkəmizdəki səfirliklərinin, o cümlədən respublikanın bütün regionlarından nümayəndələr, görkəmli ictimai-siyasi xadimlər iştirak edəcək, qeyd edilən məsələləri müzakirə edərək, təkliflərini diqqətə çatdıracaqlar.

Xəbər lenti

Xəbər lenti