Bakı. Trend:
Azərbaycan Qadınlarının VI Qurultayını fərqləndirən iki başlıca
xüsusiyyət diqqəti cəlb edir. Bunun birincisi qurultayın Ulu Öndər
Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmasıdır. İkincisi isə
qurultayın ilk dəfə olaraq suverenliyini bütünlüklə bərpa etmiş
Azərbaycanda baş tutmasıdır. Bu çox tarixi hadisədir və qurultaya
xüsusi məna, gözəllik verir.
Trend xəbər verir ki, bu sözləri Ulu Öndər Heydər Əliyevin 100
illik yubileyinə həsr olunmuş Azərbaycan Qadınlarının VI
Qurultayında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli
Əhmədov deyib.
Onun sözlərinə görə, ailə cəmiyyətin özəyidir.
“Qadın isə ailənin dayağıdır. Bu mənada sağlam cəmiyyət sağlam
ailə ilə əlaqədardır. Ailə və cəmiyyət qadınlarsız təsəvvür edilə
bilməz.
Azərbaycan qadınların elm və təhsil sahəsində inkişafı üçün lazım
olan bütün şəraiti yaradıb və bundan sonra da qadınların cəmiyyətdə
rolunun arıtılması istiqamətində əlindən gələni edəcək.
İndiki qadınlar 15-20 il əvvəlki qadınlarla çox fərqlənirlər. Onlar
cəmiyyətdə və dövlət sturukturlarında geniş fəallıq
göstərirlər”.
Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Qadınlarının VI Qurultayı keçirilir.
Azərbaycanın bütün regionlarından olan 600-ə yaxın qadının bir araya gəldiyi Azərbaycan Qadınlarının VI Qurultayı ölkəmizdə qadın hərəkatının əsasını qoymuş Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi, eyni zamanda ilk Qadın Qurultayının 25 ili münasibətilə baş tutur.
Türkiyə, Özbəkistan və Tacikistan Respublikalarının dövlət rəsmilərinin də qatılacağı Qurultayda millət vəkilləri, dövlət və qeyri-hökumət, eləcə də beynəlxalq təşkilatların və xarici dövlətlərin ölkəmizdəki səfirliklərinin, o cümlədən respublikanın bütün regionlarından nümayəndələr, görkəmli ictimai-siyasi xadimlər iştirak edəcək, qeyd edilən məsələləri müzakirə edərək, təkliflərini diqqətə çatdıracaqlar.