Bakı. Trend:
Xəbər verildiyi kimi, 23-27 oktyabr tarixlərində Milli Məclisin deputatları Anqolanın paytaxtı Luandada keçirilən Parlamentlərarası İttifaqın (PAİ) 147-ci Assambleyasında iştirak ediblər.
Milli Məclisdən Trend-ə verilən məlumata görə, oktyabrın 25-də PAİ-nin 147-ci Assambleyası çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin (QHPŞ) növbəti görüşü baş tutub. İclasda Prezident İlham Əliyevin sədrliyi ilə Qoşulmama Hərəkatının institusional inkişafı istiqamətində həyata keçirilən mühüm tədbirlər barədə ətraflı məlumat verilib, qurumun gələcək institusional inkişafı, beynəlxalq əlaqələri, üzv ölkələr arasında əməkdaşlığın təşviq olunması istiqamətində çoxşaxəli fəaliyyət istiqamətləri və digər maraq doğuran məsələlər barədə danışılıb.
Qeyd edək ki, Parlament Şəbəkəsinin sədri, Milli Məclisin spikeri Sahibə Qafarovanın tapşırığına əsasən, Azərbaycan parlamenti tərəfindən təşkil olunan görüşdə 30 ölkədən 80-ə yaxın nümayəndə iştirak edib. İclasda çıxış edən üzv ölkələrin parlament nümayəndə heyətlərinin təmsilçiləri Azərbaycanın QHPŞ-də sədrliyinin fəaliyyətini yüksək qiymətləndiriblər, Şəbəkənin qlobal parlament dialoqunun təşviqində, parlament diplomatiyasının inkişafında oynadığı mühüm rolundan danışıblar. Tədbirin sonunda Parlament Şəbəkəsinin rəsmi internet səhifəsinin təqdimatı keçirilib.
Xatırladaq ki, Parlamentlərarası İttifaqın 147-ci Assambleyasında 130-dan artıq ölkə parlamenti və 20-dən artıq beynəlxalq təşkilatın nümayəndələri iştirak edib. Assambleyada iştirak edən deputatlarımız – Elnur Allahverdiyev, Kamran Bayramov və Sevil Mikayılova “Sülhün, ədalətin və güclü təsisatların dəstəklənməsi istiqamətində parlamentlərin fəaliyyəti” mövzusunda keçirilən ümumi müzakirələrdə çıxışlar ediblər. Azərbaycan həqiqətləri, ərazilərimizin 30 illik erməni işğalına son qoymuş 44 günlük Vətən müharibəsi, bu ilin sentyabr ayında erməni təxribatlarına qarşı həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri, habelə ölkəmizin irəli sürdüyü sülh gündəliyi və Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası ilə bağlı təşəbbüslər barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
Nümayəndə heyətinin üzvləri PAİ-nin daimi komitələrinin və digər qurumların iclaslarında da iştirak ediblər, gündəlikdə duran mövzulara dair münasibət bildiriblər, bir sıra məsələlərlə bağlı ölkəmizin mövqeyini təqdim ediblər.
Deputatlarımız Sevil Mikayılova Assambleyanın İcraiyyə Komitəsinin, Kamran Bayramov qurumun Sülh və beynəlxalq təhlükəsizlik, Əminə Ağazadə Demokratiya və insan hüquqları üzrə daimi komitələrinin bürolarına, Səbinə Xasayeva Qadın parlamentarilər Forumunun bürosuna, Şahin İsmayılov isə Gənc parlamentarilər Forumunun idarə heyətinə üzv seçiliblər.
Milli Məclisin nümayəndə heyəti 147-ci Assambleya çərçivəsində Türkiyə, Pakistan, Özbəkistan, Malavi, Tanzaniya və Çexiya parlamentlərinin nümayəndə heyətləri, habelə PAİ-nin Baş katibi ilə ikitərəfli görüşlər keçiriblər. Görüşlərdə ikitərəfli və çoxtərəfli formatda parlamentlərarası əlaqələrin mövcud durumu, əməkdaşlığın gələcək perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb.
Oktyabrın 27-də Tanzaniya Milli Assambleyasının sədri Tulia Akson PAİ-nin yeni prezidenti seçilib.
Bununla da PAİ-nin 147-ci Assambleyası öz işini başa vurub.