Bakı. Trend:
ABŞ Azərbaycan ilə Ermənistan arasında danışıqlara köməklik göstərməyə hazırdır.
Trend-in məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller brifinqdə deyib.
"Biz hər iki ölkənin rəhbərliyi ilə əlaqələri davam etdiririk və layiqli və davamlı sülhün bərqərar olmasına töhfə verməyə hazır olduğumuzu bildiririk. Ermənistan və Azərbaycanın birbaşa olaraq regionun xeyrinə problemləri müzakirə etməsi və həll etməsi vacibdir. Biz bu danışıqlara köməklik göstərməyə hazırıq. Biz digər ölkələrin bu danışıqların aparılmasında öz rolunu təklif etdiyini görmüşük. Biz hər iki ölkənin davamlı razılaşma əldə etmək üçün birbaşa danışıqlar aparmasını vacib hesab edirik. Biz əvvəlki kimi bu danışıqlara köməklik göstərməyə hazırıq və digər ölkələrin belə səylərini alqışlayırıq", - deyə o bildirib.
Qeyd edək ki, Bakı 2023-cü il noyabrın 20-də Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində baş tutmalı olan görüşdən imtina edib.
Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ dövlət katibinin köməkçisi Ceyms O'Brayenin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində verdiyi əsassız bəyanatlara cavab olaraq bildirib ki, birtərəfli və qərəzli bəyanatlar faydasız, əsassız və qəbuledilməzdir.
"Belə birtərəfli yanaşma ABŞ-ın vasitəçi rolunu itirməsinə gətirib çıxara bilər. Qeyd etmək vacibdir ki, bu şərtlər daxilində biz Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində təklif olunan görüşün keçirilməsini mümkün hesab etmirik”, - deyə XİN-dən bildiriblər.