Bakı. Trend:
Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müvafiq əmrinə əsasən, "Tərbiyəvi işin təşkili və psixoloq" ixtisası üzrə zabitlərin iştirakı ilə metodiki məşğələlər keçirilib.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin nümayəndələri bir neçə hərbi hissədə tərbiyəvi işin təşkili mövzusunda görüşlər keçiriblər.
"Tərbiyəvi işin təşkili və psixoloq" ixtisası üzrə zabitlərlə
keçirilən görüşlərdə şəxsi heyətin mənəvi-psixoloji hazırlığının
yüksəldilməsində, hərbi xidmətə yeni gəlmiş hərbi qulluqçuların
fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsində, onların xidmətə
adaptasiyasında, şəxsi heyətin xidməti təhlükəsizliyinin və
sağlamlığının qorunub saxlanılmasında, eləcə də hərbi intizamın
möhkəmləndirilməsində zəruri metodiki tövsiyələr verilib.
Görüşlər zamanı, həmçinin Azərbaycan Ordusunun maddi-texniki
bazasının gücləndirilməsi, hərbi qulluqçuların sosial-məişət
şəraitinin yaxşılaşdırılması sahəsində görülən işlər barədə hərbi
qulluqçulara məlumatlar verilib, qarşıda duran müvafiq
tapşırıqların həlli mövzusunda zabitlərin üzərinə düşən vəzifə və
məsuliyyətlər bir daha ətraflı izah olunub.