Bakı. Trend:
Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycan nümayəndəliyi Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə çoxdankı tərəfdaşlığı ilə qürur duyur.
Trend çərşənbə axşamı xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva ANAMA tərəfindən təşkil olunan "Mina təhlükəsi ilə mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr" mövzusunda 2-ci beynəlxalq texniki konfransda çıxışında deyib.
Onun sözlərinə görə, ANAMA ilə tərəfdaşlığın genişləndirilməsinə çalışmaq lazımdır və beynəlxalq maraqlı tərəflər minatəmizləmə tədbirlərinin uğurla keçirilməsində həlledici rol oynayır.
"Minatəmizləmə ilə əlaqəli fəaliyyət minatəmizləmə ilə məşğul olan bütün ölkələrdə dayanıqlı inkişaf və sülhün əsas faktorudur. 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində gündəliyin icrasına gedən yol minalardan təmizlənməlidir", - deyə o qeyd edib.
O həmçinin, dünyanın 60-dan çox ölkəsində mina və partlayıcı maddələrin insanların təhlükəsizliyi, sağlamlığı, rifahı və həyatına təhlükə törətdiyini, qadınlar və uşaqların daha həssas qruplar olduğunu vurğulayıb.
Qeyd edək ki, Azərbaycanın ev sahibliyi etdiyi 2-ci beynəlxalq texniki konfransda, dünyanın 25 ölkəsindən minatəmizləmə sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların, əməliyyat və istehsalçı şirkətlərin 100-dən yuxarı nümayəndəsi, eləcə də hökumət rəsmiləri, dövlət qurumları və ölkəmizdə akkreditə olunmuş diplomatik korpus nümayəndələri iştirak edir.
(Tərcümə: Rəna Əbdürəhmanova)