Bakı. Trend:
Rusiya Azərbaycan və Ermənistan nümayəndələrinin birgə sərhəddə görüşünü müsbət qarşılayır.
Trend çərşənbə günü xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova həftəlik brifinqdə deyib.
"Bu tədbirdə tərəflər delimitasiya üzrə praktiki işlərin başlanmasına hazırlıq çərçivəsində metodoloji və təşkilati məsələləri razılaşdırıb. Biz öz tərəfimizdən birbaşa delimitasiya fəaliyyətində hər cür köməkliyi göstərməyə hazırıq. Bu, zəruri kartoqrafik materialların təqdim olunmasını nəzərdə tutur. Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünən bunu xüsusilə təsdiqlədi", - o deyib.
Nəqliyyat kommunikasiyalarının açılması üzrə Azərbaycan, Rusiya və Ermənistan nümayəndələrindən ibarət üçtərəfli işçi qrupa gəlincə, Zaxarova bu çərçivədə mühüm irəliləyiş əldə olunduğunu qeyd edib.
"Hər iki tərəfin siyasi iradəsi olduğu halda konkret layihələrin razılaşdırılması üzrə işlər operativ şəkildə başa çatdırmaq mümkün olardı. Fikrimizcə, üçtərəfli işçi qrup çərçivəsndə razılaşmaların əldə edilməsinin getdikcə ləngidilməsi region ölkələrinin, o cümlədən Ermənistanın maraqlarının əleyhinə olacaq", - o deyib.
Xatırladaq ki, 30 noyabr tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın beşinci görüşü keçirilib.
Tərəflər həmçinin Komissiyaların növbəti görüşünün keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.
(Tərcümə: Rəna Əbdürəhmanova)